AZ

IMF neftin orta qiyməti ilə bağlı proqnozunu 68 dollara endirib

Beynəlxalq Valyuta Fondu (BVF-IMF) neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

FED.az xəbər verir ki, Fond 2025-ci ildə neftin dünya bazarındakı orta qiymətinin 68,18 ABŞ dolları/barrel olacağını proqnozlaşdırıb. Bu göstərici 2024-cü illə müqayisədə 13,9% azdır. IMF 2026-cı il üçün neftin qiyməti üzrə proqnozunu isə 64,33 dollar səviyyəsində müəyyən edib ki, bu da aprel ayında təqdim edilən əvvəlki qiymətləndirmə ilə müqayisədə 1,6 faiz bəndi azdır.

Fond qeyd edir ki, neftin qiymətində son dövrlərdə baş verən artım İran və İsrail arasında iyun ayında yaşanan hərbi toqquşmalar nəticəsində yaranmış geosiyasi risklə əlaqələndirilir. Lakin bu artım qısa müddətli təsir göstərib və hazırda qiymətlərdə stabillik bərpa olunub.

Hazırda bazar iştirakçılarının diqqəti əsas fundamental amillərə – təklif və tələbat balansına yönəlib. Fondun hesabatında vurğulanır ki, OPEC+ və təşkilatdan kənar ölkələr tərəfindən artan neft təklifi, qlobal miqyasda zəif tələbat fonunda qiymətləri aşağı səviyyədə saxlamaqda davam edir.

IMF-in məlumatına görə, təbii qazın qiymətləri də sabit qalır. Bu vəziyyət ticarət qeyri-müəyyənliyi, Avropa İttifaqının ehtiyatlarla bağlı yeni planları və maye təbii qaz (LNG) təklifinin orta müddətdə artacağına dair gözləntilərlə bağlıdır. (APA)

Seçilən
32
3
fed.az

4Mənbələr