AZ

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan” şirkətinin dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlayaraq altı gün davam edib və uğurla yekunlaşıb.

Finss.az xəbər verir ki, festival bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu və musiqisevərlərin böyük marağına səbəb oldu. Azərbaycanın, Latın Amerikası, Gürcüstan və Litva kimi ölkələrin tanınmış musiqiçiləri, ifaçıları və kollektivləri Qəbələdə bir araya gəldi.

Festival çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, Latın Amerikası təmsilçisi “Mercadonegro”, Gürcüstanın Tbilisi Big Band orkestri, Litvanın “Ciurlionis” kvarteti və digər tanınmış musiqi qrupları çıxış ediblər. Həmçinin, “Gənclərə dəstək” layihəsi iştirakçıları, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Xarıbülbül” muğam qrupu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və görkəmli musiqiçilər konsert proqramlarında iştirak ediblər.

Festivalın bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri “Viva opera” adlı konsert proqramı təqdim edib. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90 və Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunmuşdu. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən tədbirdə xalq artistləri Yalçın Adıgözəlov, Yusif Eyvazov, Afaq Abbasova, Aytac Şıxəlizadə və Əvəz Abdulla solist qismində çıxış ediblər.

Konsertin proqramına Vasif Adıgözəlovun “Bayram uvertürası”, “Piano və orkestr üçün 4 nömrəli konsert”, “Qərənfil” romansı, “Çanaqqala 1915” oratoriyasından parçalar və “Bakı haqqında mahnı” daxil idi. Həmçinin, C. Verdinin “Traviata” operasından “Brindisi” əsəri bütün solistlərin iştirakı ilə səsləndirilib və böyük alqışlarla qarşılanıb.

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni həyatında mühüm yer tutur. Klassik musiqi sevərlərin səbirsizliklə gözlədiyi bu festival həm yeni istedadların aşkar olunmasına, həm də musiqi sahəsində təcrübə və bilik mübadiləsinə geniş imkanlar yaradır.

Seçilən
40
1
fins.az

10Mənbələr