2025-ci ilin iyun ayında Azərbaycana səfər edən xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Turizm Agentliyindən verilən məlumata görə, ötən ay ölkəyə 237 509 nəfər xarici turist gəlib. Halbuki bu göstərici 2024-cü ilin iyun ayında 265 549 nəfər təşkil edirdi.
İlin birinci yarısında da Azərbaycana gələnlərin sayında azalma baş verib. Rəsmi dövlət statistikasına əsasən, ölkəmizə gələn əcnəbilərin sayı əvvəlki ilin birinci yarısına nisbətən 1,1 faiz azalıb.
Baş verən dəyişikliklə bağlı Sfera.az turizm eksperti Ceyhun Aşurovun fikrini öyrənib.
Ekspert bildirib ki, bu azalma gözlənilən idi və əsas səbəblərdən biri regionda yaşanan geosiyasi gərginlikdir:
“İyunda müşahidə olunan azalma əsasən İran-İsrail müharibəsi ilə əlaqədardır. Bu münaqişə 10 gündən artıq davam etdi və regionda ciddi narahatlıq yaratdı. Bildiyiniz kimi, İsraildən Azərbaycana vaxtaşırı turist qrupları gəlirdi, reyslər həyata keçirilirdi. Müharibə nəticəsində hava məkanlarının bağlanması təkcə İsrail deyil, eyni zamanda Azərbaycanın əsas turizm bazarlarından biri olan Körfəz ölkələrindən gələn turist axınına da mənfi təsir göstərdi”.
Ekspertin sözlərinə görə, hava məkanlarının bağlanması səbəbilə əvvəl 3 saatlıq uçuş məsafəsində yerləşən Körfəz ölkələrindən gəlmək artıq 6-7 saata qədər vaxt tələb edir:
“Bu da turistlərin səfər qərarlarına birbaşa təsir etdi. Münaqişənin Azərbaycan regionuna yaxın olması da bir sıra ölkələrdən gələcək turistlərdə gözləmə mövqeyi formalaşdırdı. Nəticə olaraq 11 faizlik azalma baş verdi. Bu isə Azərbaycan turizmi üçün əlverişli hal deyil, xüsusilə yüksək mövsümdə belə bir vəziyyətin yaranması sektor üçün mənfi nəticələr doğurur”.
C.Aşurov əlavə edib ki, Azərbaycan bu vəziyyətdən çıxış üçün alternativ bazarlarla əməkdaşlığı gücləndirməyə çalışır: "Vizaların aradan qaldırılması və birbaşa uçuşların təşkili yeni bazarların cəlb olunmasına imkan verir. Lakin ümumi olaraq regionda baş verən hərbi-siyasi gərginliklər turizm sektoruna mənfi təsirini göstərməkdə davam edir".
Bəsti Rəfizadə
Sfera.az