AZ

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) sənəd qəbulu və imtahan tarixləri məlum olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün beynəlxalq ikili diplom proqramına onlayn qeydiyyat avqustun 1-dən 9-dək aparılacaq.

BMU-İNHA İDP-yə bu il üçün kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə qəbul aparılacaq. Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il BMU-da, 1 il isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. 2025/2026-cı tədris ili çərçivəsində hər bir ixtisas üzrə 25 tələbənin qəbul olunması planlaşdırılır.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilər. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada olan riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket forması”na daxil etməlidir (avqustun 1-dək aktiv olacaq.) Sənədlərin son qəbul tarixi 09.08.2025-ci il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 11-də keçiriləcək. İmtahanın nəticələri isə avqustun 15-də elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirak etmələrinin təmini üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.

Xatırladaq ki, BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Seçilən
3
5
azertag.az

10Mənbələr