AZ

Avropa Komissiyası ABŞ silahından asılılığı azaltmaq niyyətindədir - ÖZƏL

Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus Avropa İttifaqı ölkələrinin ABŞ-dən alınan silahlardan asılılığını azaltmasının vacibliyini vurğulayıb. Olaylar.az xəbər verir ki,  o, "Euractiv" portalına verdiyi müsahibədə bildirib ki, hazırda Aİ müdafiə büdcəsinin təxminən 40%-i ABŞ istehsalı olan silahlara xərclənir.
"Düşünmürəm ki, biz tamamilə Amerika məhsullarından imtina edəcəyik. Amma bu rəqəmin 10-20%-ə endirilməsi Avropa sənayesində milyardlarla avronun qalması demək olar," - deyə o qeyd edib.
Kubilyusun fikrincə, ABŞ silahlarının alınmasını azaltmağın əsas yolu Avropa şirkətləri ilə daha çox müqavilə bağlamaqdan keçir. "Əgər üzv dövlətləri Avropa məhsullarına daha çox vəsait ayırmağa təşviq edə bilsək, bu, ABŞ məhsullarına xərclərin azalması ilə nəticələnəcək," - deyə o bildirib.
O, həmçinin vurğulayıb ki, Avropa silahlarının birgə alınmasının təşkili - Avropa Komissiyasının əsas hədəflərindən biri kimi - silahların qiymətini əhəmiyyətli dərəcədə azalda bilər. "Əgər üzv dövlətlər birgə satınalmaya razı olsalar, bu, daha iri müqavilələr bağlanması və nəticədə məhsulun maya dəyərinin təxminən 70%-ə qədər azalması deməkdir," - deyə Kubilyus qeyd edib.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ilə tariflərlə bağlı razılığa gəldikdən sonra bildirib ki, Avropa ölkələri ABŞ iqtisadiyyatına əlavə olaraq 600 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüblər. Onun sözlərinə görə, Aİ ölkələri yaxın illərdə ABŞ-dən ümumi dəyəri bir neçə yüz milyard dollar olan "nəhəng həcmdə" silah alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr