“Əgər Azərbaycanın israr etdikləri həyata keçərsə, qonşularımızdan birini itirə bilərik”.
Publika.az xəbər verir ki, bunu iyulun 28-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezai Fars telekanalı SNN-ə müsahibəsində Ermənistan-İran münasibətlərinin əhəmiyyətini şərh edərkən deyib.
O, “Zəngəzur dəhlizi” layihəsi ilə bağlı regionda mümkün dəyişikliklərdən narahatlığını bildirib.
"Əvvəla, Ermənistan bizim dostumuz və strateji tərəfdaşımızdır. İrəvanda hansı gücdən asılı olmayaraq, biz həmişə Ermənistanla ən yaxşı münasibətləri saxlamışıq", - Rezai bildirib.
Onun sözlərinə görə, Ermənistan regional logistika və siyasətdə əsas rol oynayaraq İran və Avropanın kəsişməsində strateji mövqe tutur.
Azərbaycanla müzakirələrə gəlincə, iranlı deputat qeyd edib ki, ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi məsələsi birbaşa gündəmə gətirilməsə də, Tehran prosesi diqqətlə izləyir.