AZ

Ermənistan işğalın bədəlini ödəməlidir

Zəngəzur dəhlizi Ermənistandan təzminat əvəzinə alınmalıdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; 

Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisini 30 il ərzində işğalda saxlaması nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilib, şikəst qalıblar. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaşımız doğma yurdlarından 30 il didərgin düşüblər, həmin illər ərzində öz hüquq və azadlıqlarından məhrum ediliblər. 

Müharibə nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının aqibətindən hələ də məlumat yoxdur. Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi cinayətlərin miqyası Bakıda sülh və insanlıq əleyhinə cinayətlər törədən şəxslərin məhkəmə prosesində şahidlərin ifadələrindən də aydın olur. Bu ifadələrdə olduqca maraqlı faktlar üzə çıxır. Bunlar bir daha Ermənistanın hansı dəhşətli müharibə cinayətlərinə yol verdiyini açıq şəkildə meydana qoyur. Ümumiyyətlə, erməni tərəfi müharibə əsirlərinə və girovlara qarşı qeyri-insani rəftar nümayiş etdirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatlarında azərbaycanlı əsirlərin işgəncəyə məruz qalması, döyülməsi, alçaldılması və bəzi hallarda qətlə yetirilməsi barədə də geniş məlumatlar yer alıb. 44 günlük müharibə zamanı da təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. 

 
Qeyd edək ki, Ermənistan dövlətinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. 

İyulun 28-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq törətməkdə təqsirləndirilən Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilib. İclasda təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. Zərərçəkmiş şəxs Tahir Mahmudov ifadəsində 2021-ci il iyulun 21-də Xocalı rayonunda mina partlaması nəticəsində ağır xəsarət aldığını bildirib. O, hadisə zamanı ərazidə şirkətlərdən birinin əməkdaşı qismində mühafizəçi vəzifəsində işləyirmiş. Cümşüd Qəhrəmanov ifadəsində yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulduğunu bildirib. 2020-ci il oktyabrın 1-də mərmilərdən biri onun həyətinə düşüb. Nəticədə evinə zərər dəyib, heyvanları tələf olub. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında kəndin atəşə tutulması zamanı digər evlərə də zərər dəydiyini, kənd sakini Hilal Həziyevin yaralandığını deyib. Zərərçəkmiş şəxs Hilal Həziyev ifadəsində C.Qəhrəmanovun dediklərini təsdiqləyərək 2020-ci il sentyabrın 28-də Cocuq Mərcanlı kəndində üz nahiyəsindən qəlpə xəsarəti aldığını söyləyib. Güloğlan Mirzəliyev ifadəsində 2021-ci ilin fevral ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minaya düşərək xəsarət aldığını bildirib. “Topuğum üç yerdən sındı”, - deyə o əlavə edib. Ramil Fərhadov ifadəsində Vətən müharibəsi zamanı Cocuq Mərcanlı kəndində yaşadığı evə mərmi düşdüyünü söyləyib. Zərərçəkmiş bildirib ki, Cocuq Mərcanlı kəndində Azərbaycan Ordusunun heç bir silahlı birləşməsi olmayıb, kənddən Ermənistan silahlı qüvvələrinə qarşı atəş açılmayıb. Elnur Əmiraslanov ifadəsində 2018-ci ildə Tərtərdə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə yarası aldığını deyib. Mirhəsən Hüseynov ifadəsində Vətən müharibəsi zamanı oktyabrın 26-da Laçın istiqamətində artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, hadisə zamanı təxminən 15 nəfər azərbaycanlı yaralanıb. Aqşin Hüseynov ifadəsində 1992-ci il iyunun 8-də Qazax rayonunun Qızılhacılı kəndində döyüşlər zamanı qarşı tərəfdən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı daha iki nəfərin yaralandığını, Tahir Yunisovun isə şəhid olduğunu söyləyib. Bəxtiyar Məmmədov 1993-cü ilin may ayında Ağdam rayonunun Qalayçılar kəndində əsir götürüldüyünü söyləyib. O, əsirlikdə üç il saxlanılıb. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında əsirlik zamanı Şuşada, Xankəndidə və digər ərazilərdə saxlanıldığını bildirib. Əsirlik müddətində, həmçinin qəddar və qeyri-insani rəftara, müxtəlif işgəncələrə məruz qalıb. Sabir Haqverdiyev, İdyal Allahverdiyev, Murad Bənnayev, Özal İsmayılov, Ramin Əfəndiyev, Orxan Salıfov, Ağasif Həmidov, Hüseyn Cavadov, Pərviz Həsənov ifadələrində 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər. Zərərçəkmiş şəxs Amin Musayev ifadəsində 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib. O, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub və avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib: “Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da, işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə qaynar su tökürdülər”. O, dekabrın 14-də Azərbaycana təhvil verilib. Təqsirləndirilən şəxs David Babayan A.Musayevə sual verərək onun noyabrın 8-dən 11-dək olan müddətdə döyüş yoldaşları tərəfindən nə üçün aparılmamasını soruşub. A.Musayev sualı belə cavablandırıb: “Döyüş yoldaşlarım şəhid olmuşdu. Yaralandığım vaxt huşumu itirmişdim. Sağ qalan döyüş yoldaşlarım elə biliblər ki, şəhid olmuşam. Müharibə vaxtı şəhidləri və yaralıları dərhal çıxartmaq olmur”. O, D.Babayanın digər sualına cavabında isə deyib ki, Ermənistanda əsirlikdə saxlanıldığı müddətdə sağlamlığını itirib.

Politoloq Azər Qasımov "Şərq"ə deyib ki, Ermənistanın Azərbaycan dövləti və xalqı qarşısındakı cinayətlərini heç vaxt unutmaq olmaz: 

"Bu məsələnin iki ölkə arasında sülh bağlansa belə, daim gündəmdə olması vacib məsələdir. Ona görə də indi iki ölkə arasında sülh danışıqları gedir deyə qeyd edilən canilərin cinayətlərini qapalı iclaslarda keçirmək olmaz. Paralel olaraq dünya ictimaiyyəti bu faktları görməli və eşitməlidir. Təzminat məsələsi daim gündəmdə olmalıdır. Ermənistan Azərbaycana işğal dövründə 150 milyard dollar ziyan vurub. Bu, Azərbaycan dövlətinin və xalqının vəsaitidir. Ona görə də Ermənistan bu ziyanı təzmin etməlidir. Bunun üçün müxtəlif yollar təklif edilir. Hesab edirəm ki, bu məsələ Ermənistana qarşı daim gündəmdə olmalıdır. Ermənistan Zəngəzur dəhlizini 150 milyard dollar ziyan ödənənə kimi Azərbaycana icarəyə verməlidir. Dəhlizə nəzarət əsasən Azərbaycan tərəfindən həyata keçirilməlidir. Bura Ermənistan tərəfindən müşahidəçilər əlavə edilə bilər. Azərbaycan 150 milyard ziyanı təzmin etdikdən sonra Zəngəzur dəhlizi Naxçıvana gediş-gəliş istisna olmaqla digər tranzitlər üçün Ermənistanın nəzarətinə verilməlidir. 150 milyardın neçə ilə təzmin edilməsi isə müddətə bağlanmamalıdır".
Seçilən
82
14
sherg.az

10Mənbələr