"YAŞAT" Fondunun və
"ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "TABİA
Group"un və "Lankaran Springs Wellness Resort" Hotelin birgə tərəfdaşlığı
ilə keçirilən 4-cü "YAŞAT" düşərgəsinin 7-ci həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata görə, budəfəki tədbirlərə Türkiyədən olan 18 şəhid
övladı da qoşulub.
Düşərgənin açılış mərasimində həftə çərçivəsində həyata keçiriləcək təşəbbüslər
diqqətə çatdırılıb, qaydalar izah edilib.
İlkin olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovla
görüş olub. O, uşaqlarla yeni texnologiyalar və innovasiyalar mühitində şəxsi
inkişafın əsasları barədə müzakirələr aparıb.
Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar təbiətin füsunkar və özünəməxsus
mənzərəsi ilə tanış olublar.
Hoteldaxili əyləncə və boulinq saatlarında, futbol, voleybol və parkur
yarışlarında qələbə uğrunda mübarizə xoş anlara səbəb olub.
4-cü "Yüksəliş" müsabiqəsinin qalibləri İnsafəli Səmədov və
Anar Qasımov iştirakçılarla görüşdə yeni düşüncə əsaslı şəxsi inkişafın və uğur
qazanmağın yolları barədə fikirlərini bölüşüblər.