Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanan analitik hesabatda Zəngəzur dəhlizinin istismara verilməsi ilə bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaranacağı vurğulanıb. Sənəddə, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan birinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik dəmir yolu –Zəngəzur dəhlizi olduğu bildirilib.
Hesabatda qeyd olunur ki, dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasındakı marşrutun səmərəliyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Başqa sözlə, Zəngəzur marşrutu sərhədyanı Ağbənd kəndinə qədər yolların tikintisinin tamamlanmasından sonra iki ölkə arasındakı məsafəni 343 kilometr azaldacaq. Bu isə həm daşınma müddətinə, həm də nəqliyyat xərclərinə ciddi qənaət edilməsinə imkan verəcək, Gürcüstan üzərindən keçən marşrutla müqayisədə yük çatdırılma vaxtını, təxminən, bir gün azaldacaq. Bununla yanaşı, hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması BTQ dəmir yolu marşrutunun əhəmiyyətini artırmaqla bərabər, onu tamamlayan bir alternativ kimi çıxış edəcək. Hər iki stiqamət birgə şəkildə regionun tranzit potensialını gücləndirəcək.
Tədqiqat müəlliflərinin fikrincə, bu dəhliz Asiya ilə Avropa arasında uzanan nəqliyyat-logistika zəncirinin bütün iştirakçıları üçün fayda verəcək. Yeni marşrut Asiya ölkələrinin Avropa bazarlarına quru yolu ilə daha asan və sürətli çıxışını gerçəkləşdirməklə yanaşı, regionun logistik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə tranzit xidmətlərinə olan tələbatı artıracaq. Xüsusilə Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafını sürətləndirəcək, eyni zamanda, Azərbaycan ərazisi üzərindən Türkiyə, Rumıniya və Bolqarıstan kimi Avropa ölkələrinin bazarlarına çıxışı reallaşdıracaq.
Hesabatda qeyd olunur ki, dəhlizin tam fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi, həm də Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsini şərtləndirir, eləcə də Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovet dövründə fəaliyyət göstərən nəqliyyat əlaqələrini bərpa edir. Sənəddə Qars–Gümrü–Naxçıvan–Meğri–Bakı marşrutunun formalaşmasının Türkiyə ilə region ölkələri arasında birbaşa dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcəyi, bununla da regionlararası əməkdaşlığın inkişafının və iqtisadi inteqrasiyanın daha da sürətlənəcəyi diqqətə çatdırılır.
Beləliklə, Zəngəzur dəhlizinin açılması həm qlobal, həm də regional logistika baxımından zamanı və xərci azaldacaq. İnfrastrukturun reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq. Ən vacib məqamlardan biri isə Qara dənizlə yanaşı, artıq Aralıq dənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçün qiymətlər də tənzimlənəcək, bu isə Azərbaycana cəlb edilən yük həcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən bütün region ölkələri qazanacaq. Məsələn, Çindən Avropa istiqamətinə 500 min TEU konteyner göndərilərsə, bunun bir qismi Gürcüstan üzərindən, bir qismi isə Zəngəzur dəhlizi vasitəsilə çatıdırlacaq ki, bu isə həm zaman, həm də məsrəflərin azalmasına səbəb olacaq.
Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətindən bəhs edərkən bir məqama da toxunmaq istərdik. Bunun üçün əvvəlcə Orta Dəhlizin fəaliyyətinə nəzər salaq. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı bu dəhliz vasitəsilə 12 gün ərzində 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə adıçəkilən infrastrukturun nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Halbuki eyni qatar Cənub Dəhlizi üzrə Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Azərbaycanın reallaşmasına töhfə verdiyi Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi diqqət çəkir. Zəngəzur dəhlizinin də Orta Dəhlizə inteqrasiya ediləcəyi nəzərdə tutulur. Belə halda Azərbaycan ərazisindən illik, təxminən, 35 milyon ton yükün daşınmasına imkan yaranar.
Zəngəzur dəhlizinin istismara verilməsi ilə, ilk növbədə, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı milli iqtisadi proseslərə inteqrasiya olunacaq. Bu, Naxçıvanda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının istər ölkəmizin paytaxtına, istərdə də digər regionlara maneəsiz, eyni zamanda, vaxt itkisi olmadan çatıdırlmasını şərtləndirəcək. Bununla yanaşı, respublikamızın digər bölgələrində fəaliyyət göstərən iş adamlarının naxçıvanlı sahibkarlarla ortaq istehsal və biznes layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaranacaq.
Sonda “Fitch Group”a aid olan “Fitch Solutions” şirkətinin Azərbaycanla bağlı hesabatında Zəngəzur dəhlizi ilə bağlı bir məqamı xatırlatmaq istərdik. Belə ki, həmin hesabatda Zəngəzur dəhlizinin reallaşması ilə respublikamızın Cənubi Qafqaz regionunda strateji mövqeyinin əhəmiyyətli dərəcədə güclənəcəyi bildirilib. Qeyd olunur ki, 2023-cü ildə Qarabağ üzərində tam nəzarəti bərpa edən Azərbaycan hazırda regionda nəqliyyat əlaqələrinin inkişafına və Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru yolunun qurulmasına yönələn layihələrə diqqət yetirir. Hesabata əsasən, Ermənistanın cənub ərazisindən keçməsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Bu yeni nəqliyyat marşrutu alternativ bağlantı imkanları yaradacaq və Azərbaycanın həm Xəzər, həm də Qara Dəniz hövzəsinə çıxışını genişləndirəcək.