AZ

Bakıdakı ticarət və satış şəbəkələrində monitorinqlər aparılır

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər aparırlar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında - açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa Günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.

Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, Günəş şüalarından qorunan və sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur.

“Hazırda monitorinqlər davam etdirilir. Nöqsanlar aşkarlandığı təqdirdə həmin sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat versinlər”, - deyə məlumatda vurğulanıb.

Seçilən
24
9
azertag.az

10Mənbələr