AZ

Ramin Musayev AFFA-nı biabır etdi: Allah rəhmət etsin!

Peşəkar Futbol Liqasının (PFL) 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev bir müddətdir ölkə futboluna kənardan tamaşa edir. Yerli futbolu diqqətdə saxlayan 62 yaşlı sabiq funksioner bu barədə müzakirələrdə də fikirləri, analizləri və uzun müddət qazandığı təcrübəsindən faktları dilə gətirməklə gündəmə gəlir.

Publika.az xəbər verir ki, Musayev bu dəfə Teleqraf-a müsahibəsində Azərbaycan klubları, milli komanda, xüsusilə "Qəbələ" Futbol Akademiyasının hazırki vəziyyəti ilə bağlı açıqlamalar verib:

- 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti aradan qalxacaq. Düşünmürsünüzmü ki, avrokuboklarda çıxış edən komandaların start heyətlərində yerli futbolçuların azalması da bununla bağlıdır?

- Buna görə baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib. Klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar. Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!

- Millinin builki nəticələrində də geriləmə müşahidə olunmaqdadır...

- Milli haqqında nə sual verin, nə də cavab gözləyin. Ümumiyyətlə, yaxşı şey gözləməyin. Amma klublar legionerlər sayəsində yaxşı nailiyyətlər qazanırlar, qazanacaq da. Çempionatın reytinqi qalxacaq. Milli komanda isə getdi. O vaxt yığmanın keçmiş baş məşqçisi Berti Foqts haqqında "Qaranquş gəldi-gedərdir" demişdim. O sözə görə məni az qala xalq düşməni elan edirdilər. Hanı Berti Foqts? Hardadır? Neçə il milyonlarla pul aldı, getdi. Hansı futbolçumuza dayaq oldu? Boş şeylərdir. Baş məşqçi yalnız və yalnız özümüzdən olmalıdır. Yerli baş məşqçi olmalıdır ki, cavabdehlik daşısın.

- Siz kimi namizəd görürsünüz?

- Bu gün Tərlan Əhmədov kimi baş məşqçi kənarda qalıb. Niyə? Azərbaycana gələn əcnəbi baş məşqçilər ondan artıqdırlar? Xeyr! Əhmədov iki dəfə "Neftçi"yə gəlib, hər birində nəticə verib. Amma bu gün işsiz qalıb. Bu qədər insafsızlıq olar? Hara baxır AFFA? Niyə ona hansısa komandada baş məşqçi vəzifəsi vermir? Versin də... Niyə yerli mütəxəssislərimizdən istifadə olunmur? Yerli futbolçular da, yerli baş məşqçilər də kənarda qaldılar. Sonra nə olacaq? Gözləyək ki, FIFA dəyişiklik etsin, millidə də kimi istəyirlərsə, oynatmağa icazə versin?! Axı, bu, mümkün deyil.

- Bəs əcnəbi baş məşqçilər Azərbaycan futboluna nə qazandıra bilərlər?

- İstər futbolda çalışdığım, istərsə də çalışmadığım vaxt olsun, həmişə əcnəbi baş məşqçilərin əleyhinə olduğumu demişəm. Onlar bizə heç nə vermirlər. Bircə Kaxaber Tsxadadzeni fərqləndirərdim. Mən ona legioner kimi baxmıram. Neçə ildir Azərbaycan futbolundadır. Hələ "İnter"də (indiki "Şamaxı" - red.) ikən də sözünü deyib. Tsxadadze istisna olmaqla, digər əcnəbi baş məşqçilərdən heç nə gözləmirəm.

- Komanda sayı artıb, amma yeni gələn komandalardan “Karvan” və “İmişli” “köçəri” həyat sürəcək. Necə düşünürsünüz, bu artımın effektivliyi olacaqmı?

- Legioner limiti aradan qalxmasaydı, bunun çox böyük faydası olacaqdı. Bu limitin olmaması fonunda 20 komandalı çempionat olsun, yenə də boş şeydir. Bir şeyə fikir verin: klublar qış mövsümünə qədər hamısı çempionluğa oynayır. Bunlar düşünmürlər ki, a kişi, çempion bir komanda olacaq. Sən Avropa Liqası və ya Konfrans Liqasında oynamağa çalış, oyunçunu fikirləş. Hansı baş məşqçi akademiya, əvəzedici heyət və ya uşaq futbolu ilə maraqlanır? Heç biri! Nə zamansa mətbuatdan eşidirlər ki, bir nəfər akademiyada yaxşı futbolçu var, onda ya köməkçini göndərir, ya özü gedib baxır. O vaxt PFL yaranarkən əvəzedici heyət işıq gördü. Yerli oyunçuların üzə çıxmasında bunun az təsiri olmadı. Bu il eşidirəm ki, komandaların çoxu bundan imtina edirlər. Niyə?! Yaxşı, çempionatda oynamasınlar, ən azından əvəzedicilərdə çıxış etsinlər. Oynamasa, ondan nə futbolçu ola bilər? Evdə, kompüter arxasında hazırlaşmalıdır? Onlar da oynamalıdırlar, yerliləri də düşünmək lazımdır.

- “Qəbələ” demişkən, akademiya fəaliyyətini məhdudlaşdırdı. Klubun idman direktoru Səbuhi Səfiyarlı belə bir açıqlama verdi ki, I Liqaya düşən zaman PFL-ə 110 min manat borcun silinməsi üçün xahiş ünvanlayıblar. Lakin buna müsbət yanaşılmayıb. Məsul qurumun sabiq prezidenti kimi fikirləriniz necədir: Sizcə, “Qəbələ”yə mərhəmət göstərilməli idi?

Seçilən
17
5
publika.az

6Mənbələr