Avropa Komissiyası Ukraynaya xəbərdarlıq edib ki, Kiyev antikorrupsiya qurumlarına təzyiq göstərərsə, ölkəyə bütün maliyyə yardımlarını dayandıra bilər...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinin "Brüsselin Kiyevə qəzəbli məktubu" sərlövhəli məqaləsində deyilir.
Kiyevdəki məlumatlı mənbənin sözlərinə görə, qanun qəbul edildikdən sonra Ukrayna hökuməti Avropa Komissiyasından müvafiq məktub alıb:
"Prezident Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna rəhbərliyi Avropa Komissiyasından siqnal alıb ki, mərkəzi hakimiyyət korrupsiyaya qarşı mübarizədə təzyiqlərə davam edərsə, Avropa Ukrayna Fondundan maliyyə yardımı tamamilə dayandırıla bilər".
Avropa Komissiyasının Kiyevə müvafiq siqnal göndərdiyi barədə məlumatı Ukraynanın Aİ-yə inteqrasiyası komitəsinin rəhbəri İvanna Klimpuş-Tsintsadze də nəşrə təsdiqləyib.
NABU və SAPO haqqında qanun
Məlum olduğu kimi, Ali Rada 12414 saylı qalmaqallı qanun layihəsini qəbul etdikdən və prezident Volodimir Zelenskinin imzalamasından sonra geniş ictimai etiraz yaranıb.
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ölkədə ən kütləvi etiraz aksiyalarına çevrilən etirazlar iyulun 22-də axşam saatlarında Kiyevdə başlayıb, ertəsi gün isə digər şəhərlərə yayılıb.
Etirazçılar hakimiyyəti Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun muxtariyyətini məhdudlaşdırmaqda, həmçinin 2014-cü il Maydanından sonra yaradılmış antikorrupsiya infrastrukturunu məhv etməkdə ittiham ediblər.
İyulun 24-də Zelenski Ali Radaya 13533 saylı qanun layihəsini təqdim edib ki, bu da korrupsiyaya qarşı mübarizə orqanlarının - NABU və SAPO-nun müstəqilliyinin qorunmasına dair müddəaları nəzərdə tutur.
Poliqon.info