AZ

Əkrəm İmamoğlunun magistr diplomu ləğv edildi

İstanbul Universiteti, bələdiyyələrə yönəlik korrupsiya istintaqı çərçivəsində həbs edilərək vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun magistr diplomunu etibarsız sayıb. Ulusal.az xəbər verir ki, qərar, “bakalavr məzuniyyəti” şərtinin ödənilməməsi və tələbə statusuna qəbulda “şərtlərdə nöqsan” səbəbləri ilə əsaslandırılıb.

İÜ Sosial Elmlər İnstitutu İdarə Heyəti 24 iyul tarixli iclasında, İnsan Resurslarının İdarəedilməsi (tezli, əyani) magistr proqramına qəbul edilən İmamoğlunun məzuniyyətinin və diplomunun etibarsız sayılmasına qərar verib. Qərarda 18 mart 2025‑ci il tarixli Universitet Rəyasət Heyətinin qərarına istinad edilib və 6 iyul 1987‑ci il tarixli, 19509 saylı “İstanbul Universiteti Tələbə Qaydaları”na uyğun olaraq “bakalavr məzuniyyəti” tələbinin yerinə yetirilmədiyi vurğulanıb.

Qərara əsasən, İmamoğlunun məzuniyyət məlumatları AKSİS (Akademik Qeyd Sistemi) platformasından silinəcək, YÖKSİS-də (Yüksəköğretim Məlumat Sistemi) yenilənəcək, onun magistr dissertasiyası isə YÖK‑ün Milli Tez Mərkəzindən çıxarılacaq.

İstanbul Prokurorluğu, İmamoğlunun bakalavr diplomunun saxtalığı barədə daxil olan müraciətlər və YÖK tərəfindən hazırlanan hesabatdakı tespitlər əsasında “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə istintaq başlamışdı. İstanbul Universiteti 18 martda İmamoğlunun bakalavr diplomunu “yoxluq” və “açıq səhv” əsası ilə geri almaqla ləğv etmiş, 6 mayda məlumatlar universitetin bazasından silinmişdi.

İstanbul 59‑cu Asliye Cəza Məhkəməsi İmamoğlu barəsində “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” iddiası ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs tələbi olan iddianaməni qəbul edib, məhkəmə iclası 11 sentyabrda keçiriləcək. İmamoğlu 19 martda saxlanılmış, 23 martda məhkəmə qərarı ilə həbs edilmişdi.

Seçilən
40
moderator.az

1Mənbələr