AZ

Dövriyyəmizdə nağd pul 131 milyon manat artıb - bunun əhaliyə nə “isti-soyuğu” var?


Xalid Kərimli: “Pul kütləsinin artması istehlak və investisiya sektoruna müsbət təsir göstərir”

Son illərdə Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi artıb. Ötən illə müqayisədə dövriyyədə olan kağız və metal pullar 130 milyon 896 min manat artıb.

Qeyd edək ki, son vaxtlar dövriyyədəki pul kütləsinin davamlı artmasını müşahidə edirik.

Ekspertlər hesab edir ki, inflyasiyanın tədricən artması, manatın alıcılıq qabiliyyətinin azalması məcburi halda pul kütləsinin artımına şərait yaradır. İnflyasiya meylləri uzunmüddətli, davamlı olanda təbii olaraq pul kütləsi artır. Onların fikrincə, ölkədə pul bazasının artması Mərkəzi Bank tərəfindən aparılmış pul siyasətinin nəticəsidir.

Görəsən, dövriyyədə olan pul kütləsinin artımı vətəndaşlar və banklara nəsə vəd edirmi?

“Bu halın mənfi cəhəti odur ki, təklif kifayət qədər olmasa qiymətlərə pis təsir edər, hətta qiymət artımı belə yaşanar”

Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, ölkədə pul kütləsi elə də genişlənməyib. Ilin əvvəli ilə müqayisədə yarım milyard pul kütləsi artıb: “Ümumiyyətlə, pul kütləsinin artması istehlak və investisiya sektoruna müsbət təsir göstərir. Bununla da dövriyyədə olan pul kütləsinin həcmi daha da artır. Həmçinin, kredit faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, pul kütləsinin artması iqtisadiyyatı genişləndirən faktdır. Ancaq bu halın mənfi cəhəti odur ki, təklif kifayət qədər olmasa qiymətlərə pis təsir edər, hətta qiymət artımı belə yaşanar. O cümlədən, pul kütləsinin həcmi ilə bağlı məsələyə birtərəfli baxılmır. Tək pul çoxalsın, dəyəri aşağı düşsün, insanlar necə gəldi xərcləsin deyil, inflyasiya məsələsi də nəzərə alınır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bazarda pul kütləsinin artması bir sıra amillərdən asılıdır: “Keçən illərlə müqayisədə Azərbaycanın dövlət büdcəsi artıb. Büdcə artdıqca pul kütləsi də çoxalır. Yəni insanların əməkhaqqı, pensiyası artırsa, bunun üçün pul kütləsi də lazımdır. Təbii ki, bazarda pul kütləsinin çox olması iqtisadiyyatın stimullaşdırılması deməkdir. Bu hal iqtisadi aktivliyi dəstəkləyən faktordur, amma bir tərəfdən də inflyasiyanı dəstəkləyir”.

Günel CƏLİLOVA

Seçilən
23
baki-xeber.com

1Mənbələr