AZ

Matviyenko “Labubu” oyuncaqlarını Rusiyanın “strateji hədəfi” saydı... Rusiyanın “düşdüyü gün”...


Məhərrəm Zülfüqarlı: “Bu çıxış bir daha Rusiya hakimiyyətinin ciddi böhran keçirdiyindən xəbər verir”

Rusiya hakimiyyətində təmsil olunan müəyyən şəxslərin son vaxtlar qəribə açıqlamalar verməsi diqqəti çəkir. Məsələn, Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko bildirib ki, Rusiyanın hədəfi “Labubu”nun rus analoqunun yaradılması olmalıdır.

Matviyenko bu oyuncağın analoqunun yaradılmasını Rusiyanın əsas “strateji hədəfi” hesab edir.

O qeyd edib ki, Rusiya yaradıcı sənayenin işini “intensivləşdirməli” və məşhur Çin oyuncağı Labubunun öz analoqunu yaratmalıdır. “İndi Çində bir iş adamı bir kukla hazırlayıb, məncə, onun adı Labubudur. Bu eybəcərdir, baxmaq mümkün deyil, amma bütün dünya bu kuklaya vəsvəsədir. Hamı bu kuklanı çantasına taxır, dəbdədir, qəşəngdir, onu necə əldə edirlər, bilmirəm. Adam bütün dünyada on milyardlarla pul qazanıb".

O qeyd edib ki, bu cür Rusiya məhsulları hazırda dünyada populyar deyil. “Bizim yuva quran gəlinciklərimizlə daha heç kimi təəccübləndirə bilməzsiniz” deyə şikayətlənən Matvienko onları heç kimin çantasında daşımadığını bildirib.

"Bizimkilər haradadır - ölkəmizdə tələbat olan və dünyada moda trendinə çevrilə biləcək bu qabaqcıl, yeni, kreativ məhsullar?"- Federasiya Şurasının sədri soruşub. Onun sözlərinə görə, Rusiya "xalq sənəti ilə zəngindir", lakin istedadlı insanların "bir az dəstəyə" ehtiyacı var.

“Görün Rusiya apardığı haqsız müharibə ilə özünü hansı gülünc vəziyyətə salıb ki, ölkənin rəsmi şəxsi “strateji hədəf” kimi Çin kuklasının analoqunun yaradılmasını önə çəkib”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Matvienkonun bu açıqlaması Rusiyanın bütün resurdlarının tükəndiyindən xəbər verir: “Bu çıxış bir daha Rusiya hakimiyyətinin ciddi böhran keçirdiyindən xəbər verir. Ukraynaya qarşı müharibədə çoxlu sayda insan itkisi verildiyi, şəhərlərin, kəndlərin darmadağın olduğu bir vaxtda Rusiyanın səlahiyyətli şəxsinin bu cür çıxış etməsi acı gülüş doğurur. Mənə belə gəlir ki, bunlar bir nəfərin girovuna çevrildiklərinə, o bir nəfərin müharibə hərisliyinə qarşı çıxa bilmədiklərinə görə bu cür qeyri-ciddi mövzularda müsahibələr verirlər. Bununla da insanlara gülüş doğuran, ciddiyyətdən uzaq mesajlar ötürürlər. Bu da avtoritar, totolitar rejimin banisi Putinin qarşısında acızliklərini göstərir.

Bu gün Rusiyanın Çin oyuncağının analoqunu yaratmağı özünün əsas strategiyasına çevirməsi də onu göstərir ki, hakimiyyət insanları yenidən ələ almaq istəyir. Bu həm də onu göstərir ki, artıq Rusiyada ənənəvi məsələlərdən, o cümlədən də oyuncaqlardan belə əl çəkiblər, Çin oyuncaqlarına üstünlük verirlər. Burdan belə nəticəyə gəlmək olur ki, artıq Çin malları Rusiyanı zəbt edib və onlar çıxış yolunu bu cür qeyri-ciddi açıqlamalarda görürlər”.

M.Zülfüqarlının qənaətinə görə, ola bilsin, yaxın illərdə Rusiya Uzaq Şərqi də Çinə güzəştə gedəcək. “Rusiyanın parçalanmasını da yəqin bu cür qeyri-ciddi çıxışlarla həzm edəcəklər. Yəni bu cür çıxışlara ancaq acı təəssüflə yanaşmaq olar ki, görün, Rusiya apardığı haqsız müharibə ilə özünü hansı gülünc vəziyyətə salıb ki, ölkənin rəsmi şəxsi “strateji hədəf” kimi Çin kuklasının analoqunun yaradılmasını önə çəkib”.

M.Zülfüqarlı qeyd etdi ki, Rusiya qonşu ölkələrlə yaxşı münasibət qurmaq, dincliyə, sülhə töhfə vermək əvəzinə qonşusu ilə müharibə aparır və nəticədə də bu cür ağılsız açıqlamalar meydana çıxır.

İradə SARIYEVA

Seçilən
30
baki-xeber.com

1Mənbələr