Artıq bir neçə gündür Türkiyə meşə yanğınları ilə mübarizə aparır. Bu məqsədlə dövlətin bütün müvafiq qurumları səfərbər edilib və bu kimi vəziyyətlərə qarşı hazır vəziyyətə gətirilib. Mütəxəssislər isə yanğınların 90 faizinin insan mənşəli olduğunu bildirirlər.
Redaktor.az xəbər verir ki, son günlərdə Türkiyədəki ən şiddətli yanğınlar Bursa vilayətində meydana gəlib. Bursanın Orhaneli rayonu ərazisində 3 gündür davam edən meşə yanğınları ilə bağlı bir şübhəli şəxs saxlanılıb. Ufuk A. adlı bu şəxsin keçmiş hərbçi olduğu və FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin Hərbi Hava Qüvvələri sıralarından xaric edildiyi müəyyən olunub. Onun meşə yanğınlarına səbəb olduğunu etiraf etdiyi, qolları və ayaqlarında yanıq izlərinin aşkarlandığı, eləcə də mobil telefonunun meşədə yanmış halda tapıldığı bildirilib.
Bursanın Orhaneli rayonuna bağlı Yakuplar məhəlləsindəki meşəlik ərazidə bir neçə gün əvvəl başlayan və Harmancık rayonuna doğru irəliləyən yanğına müdaxilə davam edir. Bursadakı yanğın bölgəsinə su daşıyan tankerin dərəyə aşması nəticəsində avtomobildə olan beş nəfərdən üçü həlak olub, ikisi isə ağır yaralanıb.