AZ

Nadir ürək xəstəliyindən əziyyət çəkən gənc uğurla əməliyyat olundu

BAKI, 28 iyul. TELEQRAF

Bərdənin Mirzəxan kənd sakini, nadir və mürəkkəb anadangəlmə ürək qüsurları ilə doğulan Saleh adlı gənc uğurlu cərrahi əməliyyatla həyata dönüb.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.

"Yanımda duran həyat eşqli gəncin adı Salehdir. O, Bərdənin Mirzəxan kəndindəndir. Anadan olduğu gündən çox nadir və mürəkkəb ürək qüsurları ilə dünyaya gəlib. TGA tipli Fallot tetradası, pulmonar atreziya və qalxan aortanın anevrizması. Bu diaqnozlar dünya tibbində həm anatomiya, həm əməliyyat, həm də qərar baxımından ən mürəkkəb müştərək anadangəlmə ürək qüsurlarından sayılır", - deyə Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, uzun illər ərzində Salehin vəziyyətinin əməliyyat üçün uyğun olmadığı, həyatını riskə atmamaq üçün cərrahi müdaxilənin mümkünsüz olduğu deyilib. Lakin son günlərdə vəziyyətinin kəskin ağırlaşması səbəbilə gənc xəstəxanaya yerləşdirilib.

"Artıq seçim yox idi. Komanda olaraq bir-birimizə və Salehə güvəndik, çətin olsa da, əməliyyata qərar verdik. Və çox şükür ki, bu gün Saleh sağlam şəkildə yanımızdadır və sabah evinə yola salınır. Bəzi uğurlar yalnız tibbi bilik və texnologiya ilə deyil, inam, ümidsizliyi rədd etmək və birlik ruhu ilə qazanılır", - R.Mahmudov belə qeyd edib.

Seçilən
7
teleqraf.com

1Mənbələr