Amerikalı sahibkar və "SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, Cənubi Koreyanın "Samsung" şirkəti elektrik avtomobil istehsalçısı "Tesla" üçün yeni nəsil çiplərin istehsalına kömək edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Samsung"un Texasdakı yeni zavodu "Tesla"nın yeni nəsil AI6 çiplərini istehsal etmək üçün nəzərdə tutulacaq", deyə Mask bildirib.
Bundan əvvəl Mask CNBC-yə bildirib ki, 2026-cı ilin ortalarına qədər süni intellekt (AI) sənayesinin inkişafının qarşısındakı əsas maneə çip çatışmazlığı deyil, enerji tutumunun çatışmazlığı olacaq.
xAI startapının rəhbəri AMD, "Nvidia" və digər tərtibatçılardan bir milyondan çox süni intellekt çipi almağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, əgər sənayenin artım tempini hazırda yarımkeçiricilərin çatışmazlığı saxlayırsa, o zaman gələn ilin ortalarına qədər əsas məhdudlaşdırıcı elektrik enerjisinin mövcudluğu olacaq.
Qlobal vəziyyəti şərh edən Mask qeyd edib ki, Çin enerji istehsal potensialının genişləndirilməsinə ABŞ-dan daha çox sərmayə yatırır, lakin Amerika tərəfinin innovasiyalarda üstünlüyü var.
Paşa Məmmədli