İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Sammiti keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sammitdə 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxil olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətindən danışaraq, hazırda - dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlar ilə üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib. Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir.
Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı təkcə bu ərazilərin məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələnib. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu əhalinin 52 faizini təşkil edən qızlar və qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itiriblər.
Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova ölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsinə sadiq olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.
Bundan başqa, baxılmaqda olan “Gender bərabərliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planı”nın layihəsində işğaldan azad edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi, onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən olunması üçün tədqiqatların aparılması və digər məsələlərin öz əksini tapdığını söyləyən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb olunması lazım olan tədbirlərdə də Azərbaycan qadınları iştirak edirlər.
S. Qafarova diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.