Məşhur sənətçi İbrahim Tatlısesin qızı olan Dilan Çıtak bu dəfə Bodrumda yaşadığı yol hərəkəti olayı ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, daha öncə təyyarə səfərlərində yaşadığı gərginliklərlə diqqət çəkən Çıtak, bu dəfə Konacık məhəlləsi Atatürk Bulvarındakı Yeni Xəstəxana döngəsində baş verən insidentlə mətbuatın gündəmini zəbt edib.
Polisin apardığı araşdırmalara görə, Dilan Çıtak avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq təcili yardım zolağında hərəkət edib. Bu səbəbdən yol polisi onu saxlamaq istəyib və sürücüdən sürücülük vəsiqəsi ilə avtomobilin sənədlərini tələb edib. Lakin iddialara görə, Dilan Çıtak polis əməkdaşlarının "dayan" əmrinə tabe olmayaraq avtomobilini hərəkətə gətirib və bir polis əməkdaşının üzərinə sürüb.
Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Polislər Çıtaka avtomobildən enməsi üçün dəfələrlə xəbərdarlıq etsə də, o, yenidən avtomobilini hərəkət etdirib. Bu səbəbdən hüquq-mühafizə orqanları havaya atəş açaraq müdaxilə edib.
Bir müddət sonra avtomobilini yol kənarında saxlayaraq başqa bir maşına minən Çıtak, daha sonra yenidən öz avtomobilinə dönərək qapılarını kilidləyib. Polis əməkdaşları silahlarını çıxararaq xəbərdarlıqları davam etdirib. Gərgin anların ardından Dilan Çıtak avtomobilin qapısını açıb və polis tərəfindən saxlanılıb.
Saxlanılma zamanı "Mən İbrahim Tatlısesin qızıyam" və "Siz bunu mənə məşhur olduğum üçün edirsiniz" kimi ifadələr işlətdiyi iddia edilən Dilan Çıtak sosial mediada sərt tənqid olunub.
"Yol təhlükəsini artırmaq", "Polisin əmrinə tabe olmamaq" və "İctimai vəzifəli şəxsə müqavimət göstərmək" kimi ittihamlarla saxlanılan Çıtak, polis idarəsindəki ifadəsindən sonra məhkəmənin qərarı ilə məhdudiyyətlə sərbəst buraxılma şərti ilə azadlığa buraxılıb.
Xəbəri jurnalist Emrullah Erdinç sosial media hesabında "Müğənni Dilan Çıtak, prokurorluq tərəfindən adli nəzarətlə sərbəst buraxıldı" sözləri ilə paylaşıb.