AZ

Yeni Sİ standartı nələri dəyişəcək? -Mütəxəssis RƏYİ

Elvin Həsənov: Yeni qəbul edilən dövlət standartı İKT sahəsində daha məsuliyyətli və balanslı yanaşmanın yaranmasına şərait yaradır

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi” dövlət standartını qəbul edib.
Bu barədə AZSTAND-dan bildirilib.
Yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyən edir. Eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.
Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, yeni qəbul edilən süni intellekt (SI) üzrə dövlət standartı İKT sahəsində daha məsuliyyətli və balanslı yanaşmanın yaranmasına şərait yaradır:

“Bu standartın əsas məqsədi odur ki, SI texnologiyaları hazırlanarkən və tətbiq olunarkən yalnız texniki göstəricilər deyil, həm də etik prinsiplər, təhlükəsizlik və şəffaflıq nəzərə alınsın. Çünki indiyə qədər bir çox şirkət süni intellekti tətbiq edərkən onun nə qədər sürətli və effektiv işləməsinə fokuslanırdı. Amma yeni standart bizə deyir ki, texnologiya insan həyatına təsir edirsə, onun necə qərar verdiyi, məlumatlarla necə davranması və cəmiyyətə nə kimi təsir etdiyi də çox önəmlidir. Düşünürəm ki, bu dəyişikliklər özünü konkret olaraq bir neçə sahədə göstərəcək. Birincisi, SI məhsullarının hazırlanması zamanı risklərin əvvəlcədən qiymətləndirilməsi və idarə olunması vacib olacaq. Məsələn, məlumatların səhv istifadəsi, süni intellektin ayrı-seçkilik etmə ehtimalı və ya şəffaf olmayan qərarların verilməsi kimi hallar xüsusi diqqətdə saxlanılacaq. İkincisi, istifadəçilər süni intellektin verdiyi qərarların məntiqini daha yaxşı başa düşəcək və bu da həm inamı artıracaq, həm də cavabdehlik yaradacaq. Ümumlikdə istər dövlət, istərsə də özəl sektor arasındakı əməkdaşlıq bu baxımdan daha sistemli olacaq. Artıq ortaq qaydalar və prinsiplər var. Bu da o deməkdir ki, dövlət qurumları və özəl şirkətlər birlikdə pilot layihələr həyata keçirə, təcrübə mübadiləsi edə və SI texnologiyalarını daha təhlükəsiz formada tətbiq edə bilərlər. Bu qərar ölkəmizdə süni intellektin daha təhlükəsiz, etik və şəffaf şəkildə inkişafına təkan verəcək”.
Seçilən
12
sherg.az

1Mənbələr