Ekstremal turizm son illər Azərbaycanda maraq doğuran və inkişaf perspektivi olan sahələrdən birinə çevrilib. Lakin bu sahənin spesifik riskləri - yüksək təhlükə potensialı, peşəkar hazırlıq tələbləri və texniki avadanlıqlardan istifadə zərurəti - onun turizm ilə yanaşı təhlükəsizlik və hüquqi tənzimləmə məsələsi olduğunu göstərir. Məhz bu səbəbdən ekstremal turizmdə fəaliyyət göstərən operatorlar, təlimçilər və turistlər üçün dəqiq standartların və nəzarət mexanizmlərinin mövcudluğu həyati əhəmiyyət daşıyır.
Azərbaycanın mövcud qanunvericilik bazasında bu sahəyə dair konkret və hərtərəfli çərçivənin olmaması, xüsusilə də “Turizm haqqında” qanunda ekstremal turizmə həsr olunmuş ayrıca bölmənin yer almaması, təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurur. Mütəxəssislər hesab edir ki, tənzimləmə boşluqları, nəzarətin zəifliyi və operatorların məsuliyyət dairəsinin qeyri-müəyyənliyi bu sahədə baş verə biləcək riskləri artırır.
Buna sübut olaraq Siyəzən rayonunun Beşbarmaq dağı ərazisində paraşütçü Nuranə Məcidovanın həyatını itirməsi ilə nəticələn baş vermiş faciəvi hadisəni göstərmək olar. Bu hadisə cəmiyyətdə dərin sarsıntıya və turizm sektorunda ciddi sualların ortaya çıxmasına səbəb olub. İnsan ölümü ilə nəticələnən bu faciə ölkədə ekstremal turizmlə bağlı təhlükəsizlik, hüquqi tənzimləmə və nəzarət mexanizmlərindəki çatışmazlıqları üzə çıxaran sarsıdıcı siqnal rolunu oynayıb. Hadisə, bu sahədə mövcud qayda və standartların yenidən nəzərdən keçirilməsinin, beynəlxalq təcrübəyə əsaslanan sistemli islahatların zəruriliyini bir daha gündəmə gətirib.
Faciənin nəticəsi olaraq aparılan araşdırmalar ekstremal turizm sahəsində sistemli boşluqları aydın şəkildə göstərdi. Əsadən də hüquqi boşluq tənzimləmə, nəzarət və təhlükəsizlik baxımından ciddi problemlər yaradır.
Boşluqlar
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, ekstremal turizm fəaliyyəti göstərən şəxslərin və şirkətlərin üzərində sistemli nəzarət tam formalaşmayıb:
“Nə avadanlıqlara, nə xidmət keyfiyyətinə, nə də operatorların ixtisaslarına dair vahid standart və məcburi sertifikatlaşdırma və lisenziyalaşdırma sistemləri yoxdur. Bu isə o deməkdir ki, istənilən şəxs bu sahədə fəaliyyətə başlaya bilər – operatorların ixtisaslarının, avadanlıqlarının təhlükəsizliyinin və ya beynəlxalq normalara uyğunluğunun lazımi yoxlanışı olmadan belə”.
S.Dübəndi əlavə edir ki, bu vəziyyət beynəlxalq turistlərin ölkəyə marağını da azalda bilər. Xarici vətəndaşlar xüsusilə təhlükəsizlik təminatına həssas yanaşdığından, belə hadisələr səfər qərarlarına birbaşa təsir göstərir.
Qeyd edək ki, hadisənin baş verdiyi Beşbarmaq bölgəsində fəaliyyət göstərən ekstremal turizm operatorlarının hansı hüquqi əsasla işlədiyi və icazələrinin olub-olmadığı barədə rəsmi və şəffaf məlumat yoxdur. Bu, sektorun nəzarətsizliyindən və normativ çərçivənin olmamasından xəbər verir. Nəticədə bəzi operatorlar təhlükəsizlik xərclərindən yayınmaq üçün sertifikatsız avadanlıqdan istifadə edə, təlimləri keçməyə bilər və hava şəraitinə dair xəbərdarlıqları nəzərə almaya bilərlər. Hüquqi məsuliyyətin zəifliyi onları məsuliyyətsiz davranışlara sövq edir.
Müqavilələrin sui-istifadə imkanları
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov bildirib ki, ekstremal turizmdə risklərin minimuma endirilməsi üçün ciddi təlimlərin keçirilməsi, hava şəraitinin dəqiq qiymətləndirilməsi və turistlərlə düzgün tərtib olunmuş müqavilələrin bağlanması zəruridir.
Ekspert qeyd edib ki, turistlər adətən riskləri öz üzərlərinə götürdüklərini təsdiqləyən müqavilələr imzalayırlar. Lakin bu, təlimçilərin, bələdçilərin və operatorların məsuliyyətini aradan qaldırmır. Onun sözlərinə görə, istənilən ehtiyatsızlıq, texniki nasazlıq və ya hava şəraitinin yanlış dəyərləndirilməsi ölümcül nəticələrə səbəb ola bilər.
C. Aşurov vurğulayıb ki, bu cür hadisələr ekstremal turizmə olan marağı azalda bilər. Lakin eyni zamanda bu sahənin özünəməxsus auditoriyası olduğunu və tamamilə yox olmayacağını da qeyd edərək, təhlükəsizliyin maksimum səviyyədə təmin olunmasının vacibliyinə diqqət çəkib.
Ekspert əlavə edib ki, hazırda hüquqi tənzimləmə mexanizmlərinin zəifliyi bəzi operatorlara məsuliyyəti turistin üzərinə ötürmək üçün müqavilələrdən sui-istifadə imkanı yaradır. Bu isə tənzimləyici boşluqların təcili aradan qaldırılmasının vacibliyini göstərir.
Təhlükəsizlik ekspertlərinin baxışı
Təhlükəsizlik üzrə ekspert Elnur Cəfərov bildirib ki, ekstremal fəaliyyətlərdə risk tamamilə aradan qaldırıla bilməz. Lakin bu risklərin minimuma endirilməsi üçün güclü hüquqi baza və konkret texniki qaydaların tətbiqi zəruridir.
Onun sözlərinə görə, təlimçilərin peşəkarlıq səviyyəsi, istifadə olunan avadanlıqların texniki baxışdan keçməsi və hava şəraitinin real vaxt rejimində dəqiq qiymətləndirilməsi qanunvericiliklə tənzimlənməlidir.
Fövqəladə Hallar Nazirliyi “Report”un sorğusuna cavab olaraq bildirib ki, 2025-ci ilin ilk altı ayı ərzində “112” qaynar xəttinə paraşütçülərlə bağlı cəmi bir müraciət daxil olub. Həmin hadisə ilə əlaqədar Nazirliyin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub.
Eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ekstremal turizm, xüsusilə də paraşütçülük fəaliyyəti kompleks şəkildə tənzimlənir. Bu təcrübə Azərbaycan üçün də nümunəvi model rolunu oynaya bilər.
ABŞ, Fransa, Almaniya, İsveçrə və Avstraliya kimi ölkələrdə paraşütçülük fəaliyyəti xüsusi lisenziya əsasında həyata keçirilir. Bu yanaşma yalnız ixtisaslı və məsuliyyətli şəxslərin bu sahədə fəaliyyət göstərməsinə imkan verir və təhlükəsizliyi təmin edən əsas prinsip sayılır.
İlk dəfə tullanmaq istəyən şəxslər üçün nəzəri və praktiki mərhələləri əhatə edən peşəkar təlim proqramı məcburidir. Təlimçilər isə yalnız sertifikatlaşdırılmış və təcrübəli mütəxəssislər olmalıdır. Bu çoxsəviyyəli sistem təlim iştirakçılarının kifayət qədər bilik və bacarıqlara malik olmasını, eyni zamanda təlimçilərin də səriştəli olmasını təmin edir.
Əksər hallarda ilkin tullanışlar tandemdə – yəni təlimçi ilə birlikdə həyata keçirilir. Bu zaman təhlükəsizlik üzrə tam məsuliyyət təlimçinin üzərində olur. Müstəqil tullanışlar üçün isə ayrıca paraşütçü lisenziyası tələb olunur. Bu sistem bacarıqların tədricən mənimsənilməsinə və yeni başlayanlar üçün risklərin minimuma endirilməsinə şərait yaradır.
Hər uçuşdan əvvəl paraşüt avadanlığının texniki baxışdan keçirilməsi və sertifikatlaşdırılması məcburidir. Bu prosedur avadanlığın işlək vəziyyətdə olmasını və beynəlxalq təhlükəsizlik standartlarına cavab verməsini təmin edir.
Qabaqcıl beynəlxalq təcrübə bir daha sübut edir ki, ekstremal turizmdə təhlükəsizlik yalnız fərdi ehtiyatlılıqla məhdudlaşmır. Bu sahədə təhlükəsizlik – qanunvericilik tənzimləməsi, peşəkar standartlar və texnoloji nəzarət elementlərinin kompleks və çoxsəviyyəli inteqrasiyasına əsaslanmalıdır.
Siyəzən rayonunda yerləşən Beşbarmaq dağında baş verən son faciə göstərdi ki, Azərbaycanda ekstremal turizm sahəsində mövcud qaydalar və təhlükəsizlik mexanizmləri təcili şəkildə yenidən nəzərdən keçirilməlidir. Mütəxəssislərin fikri və beynəlxalq təcrübə göstərir ki, bu sahədə boşluqların aradan qaldırılması və təhlükəsizliyin gücləndirilməsi üçün dərhal və sistemli addımlar atılmalıdır.