Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2025/2026-cı tədris ili üzrə xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib.
AzMİU-dan Operativ Media-ya bildirilib ki, dörd gün davam edəcək imtahanlar yalnız rəsm fənni üzrə keçirilir. Qabiliyyət imtahanı 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahandan 6 və daha yuxarı bal toplayan abituriyentlər və subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə ixtisas seçimi mərhələsində müsabiqəyə qatılmaq hüququ əldə edirlər.
İmtahan prosesi Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələrinin nəzarəti altında təşkil olunub. İmtahanın əvvəlində AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova abituriyentlərə və subbakalavrlara uğurlar arzulayıb, onlara tövsiyələrini çatdırıb. Daha sonra AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri imtahan tapşırıqlarını izah edərək zalı tərk ediblər. İştirakçılara tapşırığın icrası üçün 4 saat vaxt verilib.
Qeyd edək ki, 1-ci qrup üzrə memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ümumilikdə 390 nəfər abituriyent və subbakalavr DİM-in rəsmi saytında qeydiyyatdan keçib.
İmtahan nəticələrindən narazı qalan şəxslərin müraciətlərinin obyektiv şəkildə araşdırılması üçün AzMİU-da Apellyasiya Komissiyası yaradılıb. Şikayəti olanlar DİM-in elektron sistemi üzərindən qeydiyyatdan keçərək avqustun 1-də komissiyaya müraciət edə bilərlər.