AZ

Cinayət törədəndə yetkinlik yaşına çatmamış şəxsə 10 il cəza verildi

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Həsən Kazımov son söz deyib. Bildirib ki, qətl törətmək istəmirmiş, əməlindən peşmandır.
 
Daha sonra hökm oxunub, Həsən Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətldə şübhəli bilinən 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən, o, yetkinlik yaşına çatmadığına görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.
 
İttihamda bildirilib ki, Həsən Kazimov 16 noyabr 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında Ümid Soltanov, Adil İsmayılov və digərlərinə nalayiq ifadələr işlətməklə yüksək səslə danışmalarını onlara irad tutub.
 
Bu zaman Həsən Kazımovla Adil İsmayılov arasında mübahisə yaranıb, onlar əlbəyaxa olublar. Daha sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə baş verib.
 
İstintaq zamanı müəyyən edilib ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov vəfat edib.
 
Həsən Kazımov ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilib, hadisənin 8 nəfərin onunla mübahisə edərək əlbəyaxa olması zamanı baş verdiyini deyib.
 
Həsən Kazımov barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.
Seçilən
45
7
moderator.az

10Mənbələr