AZ

Anar Kərimov: "Maliyyə institutları cinayət və terror risklərinə vaxtında reaksiya verəcək" - MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) bir qədər əvvəl “Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik” sənədini təsdiqləyib. Metodoloji rəhbərliyin maliyyə sektoruna töhfəsi barədə “Report”un suallarını "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Komplayns ekspert qrupunun sədri Anar Kərimov cavablandırıb:

- Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dair Metodoloji Rəhbərlik maliyyə sektoruna hansı töhfəni verəcək?

- AMB-nin bu ilin aprelində təsdiqlədiyi metodoloji rəhbərlik maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi (ƏL/TMM) kimi risklərin qiymətləndirilməsi və idarə olunması istiqamətində maliyyə institutlarına metodoloji dəstək göstərilməsi məqsədilə hazırlanıb. ƏL/TMM sahəsinin institusional risk qiymətləndirilməsi maliyyə institutlarının fəaliyyətində kritik əhəmiyyət daşıyır. Bu proses qanunvericiliyin tələblərinə uyğun olaraq ildə ən azı bir dəfə aparılmalıdır. Maliyyə institutları bu metodoloji rəhbərlik vasitəsilə ƏL/TMM sahəsində riskləri müəyyənləşdirmək üçün metodoloji çərçivə əldə etmiş olacaqlar. Bu da, ölkənin maliyyə sisteminin təhlükəsizliyinin artırılması ilə yanaşı, onun beynəlxalq standartlara uyğunluğunun təmin olunmasına mühüm töhfə verəcək.

- ƏL/TMM üzrə risklərin qiymətləndirilməsi necə həyata keçirilir?

- Əvvəlcə maliyyə institutları öz fəaliyyət xəritəsini tərtib edir – müştəri bazası, məhsul və xidmətlər, əməliyyat növləri və coğrafi yerləşmələr nəzərə alınır. Sonra risklər müəyyən edilir, qiymətləndirilir və idarə olunmaq üçün daxili nəzarət mexanizmləri müəyyən edilir. Risklər mütəmadi izlənir və yenilənir.

- Bu metodoloji rəhbərliyin tətbiqi maliyyə institutlarına nə kimi üstünlük gətirəcək?

- Metodoloji rəhbərliyin tətbiqi nəticəsində maliyyə institutları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərini effektiv şəkildə azalda bilər. Metodoloji rəhbərlik maliyyə institutlarına bir nümunəvi risk qiymətləndirmə aləti olaraq dəstək göstərəcək. Maliyyə institutları öz riskləri barədə daha təfərrüatlı və dərin məlumata sahib olmaqla yanaşı, həm də gələcəkdə onları gözləyə biləcək təhlükələrə hazır olacaq və vaxtında reaksiya təmin edəcəklər.

Seçilən
21
report.az

1Mənbələr