AZ

Rəşad Nəsirova vəzifə verildi

  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb.


Referans xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Milli Məclisin deputatı Səttar Möhbalıyevin köməkçisi vəzifəsinə təyin olunub.


R.Nəsirov İqtisadiyyat.az-a açıqlamasında yeni vəzifə təyinatı xəbərini təsdiqləyib və artıq bir müddətdir fəaliyyətini deputat köməkçisi olaraq davam etdirdiyini söyləyib.


Qeyd edək ki, Əməkdar jurnalist R.Nəsirov 2023-2025-ci illərdə AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.


Xatırladaq ki, 2024-cü ildə AHİK-in yeni sədri iqtisadiyyat nazirinin sabiq müavini Sahib Məmmədov seçilib. Yeni sədr cari ilin yanvar ayından isə uzun illər İqtisadiyyat Nazirliyində çalışmış Abbas Əliyevi AHİK-ə aparat rəhbərinin müavini təyin edib və bir çox işləri ona həvalə edib. Bu ilin əvvəlindən AHİK-dən xeyli sayda işçi vəzifəsindən ayrılıb. Mətbuatda dərc olunan məlumatlara görə, hətta yeni sədrin özünün gətirdiyi rəhbər şəxslər belə vəzifələrindən ayrılmaq qərarına gəliblər.

Seçilən
86
12
referans.az

10Mənbələr