Tədqiqatda 15 000-dən çox iştirakçının həyat tərzi, sosial davranışları və intellektual səviyyəsi araşdırılıb.
Araşdırma nəticəsində məlum olub ki, böyük şəhərlərdə yaşayan insanlar ümumilikdə özlərini daha az xoşbəxt hiss edirlər. Səs-küy, sıxlıq və informasiya yüklənməsi onların psixoloji rahatlığını azaldır. Bu da sosial əlaqələrin keyfiyyətinə təsir edir. Ənənəvi olaraq dostlarla və ailə ilə sıx ünsiyyət insanlara xoşbəxtlik hissi bəxş edir. Lakin araşdırma göstərib ki, ağıllı insanlar üçün bu qayda keçərli deyil. Onlar üçün tez-tez ünsiyyətdə olmaq yorucu və diqqət yayındırıcıdır. Sosial öhdəliklər bu insanların yaradıcılıq və ya elmi fəaliyyətlərinə mane olur.
Ekspertlərin fikrincə, belə insanlar daxili resurslarını daha çox şəxsi inkişaf və nailiyyətlərə yönəltmək istəyirlər. Onların xoşbəxtliyi insanlarla ünsiyyətdə deyil, yeni ideyaların reallaşdırılması, kəşflər və intellektual uğurlardadır. Psixoloq Karol Qrehem qeyd edir ki, ağıllı insanlar üçün məqsədə çatmaq, kreativ layihələr üzərində işləmək daha böyük məmnunluq verir. Belə insanlar üçün tək qalmaq neqativ hal deyil, əksinə, zəruri bir şəraitdir.
Araşdırmanın nəticəsi göstərir ki, yüksək intellektli insanlar üçün xoşbəxtlik sosial dairənin genişliyində deyil, şəxsi məqsədlərə çatmaqda və dərin düşüncə mühitindədir. Onlar üçün təklik depressiya yox, inkişaf vasitəsidir.
Milli.Az