Uzun yay tətilinin bir hissəsi artıq geridə qalır. Yeni tədris ilinin hazırlıqları üçün ən uyğun dövrlərdən biri də məhz avqustun əvvəlləridir. Alış-verişinizi son günlərə saxlamamaq, həm qiymət baxımından sərfəli seçimlər etmək, həm də uşağınızın ehtiyaclarını rahat şəkildə qarşılamaq üçün bu mərhələdə planlı davranmaq vacibdir.
Pravda.az məktəb alış-verişini daha səmərəli etmək və nəyə ehtiyacınız olduğunu dəqiq bilmək üçün praktik və faydalı məsləhətləri təqdim edir. Gəlin, məktəb hazırlıqlarına birlikdə başlayaq!
Məktəbə yeni başlayanlar üçün alış-veriş siyahısı
Əvvəlcə övladınızın ehtiyaclarını müəyyənləşdirərək bir siyahı hazırlamalısınız. Bu sizə alış-veriş zamanı düzgün istiqamət verəcək. Bəs bu siyahıya nələr daxil olmalıdır?
Məktəb çantası: Hər yaş qrupu üçün əsas ehtiyacdır. Hem uşağınızın zövqünə uyğun, həm də ergonomik cəhətdən rahat bir çanta seçmək vacibdir.
İbtidai sinif şagirdləri üçün: Qida çantası, qayçı, dəftərlər, pozan, rəngli karandaşlar və uşağınızın maraq dairəsinə uyğun kitablar vacib məktəb ləvazimatları sırasındadır.
Orta məktəb şagirdləri üçün: Bu yaş qrupunda ehtiyac siyahısı daha geniş ola bilər. Rəsm çantası, şəkil kağızı, boyalar, fırçalar, qələm, müxtəlif dəftərlər, test kitabları və digər köməkçi materiallar alınmalıdır.
Lisey şagirdləri üçün: Bu mərhələdə ixtisas yönümlü dərs və test kitabları böyük önəm daşıyır. Əlavə olaraq sənəd faylları, qovluqlar və digər köməkçi ləvazimatlar siyahıya daxil edilməlidir.
Qələmqabı, yapışqan kağızlar (post-it), A4 kağızı, lövhə, iynə, karandaş yonan və lüğət kitabları da bütün yaş qrupları üçün ortaq ehtiyaclardandır.
Dəftərxana ləvazimatları alarkən nələrə diqqət etmək lazımdır?
Dəftərxana məhsulları məktəb üçün əsas alınacaq məhsullardandır. Ancaq seçim edərkən bəzi detallara mütləq diqqət yetirilməlidir.
Qoxulu məhsullardan uzaq durun: Xüsusilə qoxulu silgi və ya dəftərlər kimyəvi tərkibə malik ola bilər və uşağınız üçün zərərli ola bilər.
Etiket və sertifikat yoxlaması: Oyun plastilini və boyalar kimi məhsullarda markalı və etiketli məhsullar seçilməlidir. İdxal olunan məhsullarda CE və ya EN sertifikatı, yerli istehsallarda isə TSE və ISO sertifikatı olmasına diqqət edin.
Büdcəyə uyğun seçimlər: Büdcəyə qənaət etmək üçün dəst halında satılan məhsulları almaq daha sərfəli ola bilər.
Məktəb alış-verişini nə zaman etmək lazımdır?
Bağçaya və ibtidai sinfə yeni başlayan uşaqlar məktəbə getmək üçün daha həyəcanlı olurlar. Çanta, su qabı və rəngarəng ləvazimatların olması onların bu həyəcanını daha da artırır. Buna görə də bu alış-veriş prosesini öncədən planlamağınız məsləhətdir.
Online alış-veriş edirsinizsə, kargo müddətini nəzərə alaraq məktəblər açılmadan ən azı 2 həftə əvvəl sifarişlərinizi tamamlayın.
Əgər yerli mağazadan alırsınızsa, alış-verişin son günlərində yaranacaq sıxlığı nəzərə alaraq ən azı 1 həftə əvvəl alış-verişinizi edin.
Bəzi məktəblər valideynlərin işini asanlaşdırmaq üçün detallı alış-veriş siyahısı təqdim edə bilər. Belə bir siyahının verilib-verilmədiyini öyrənmək üçün övladınızın müəllimi ilə əlaqə saxlamanız tövsiyə olunur. Əgər belə bir siyahı təqdim ediləcəksə, alış-verişi bu siyahıya əsasən etməyiniz daha məqsədəuyğundur.
Bu tövsiyələrə əməl edərək həm vaxtınıza, həm büdcənizə qənaət edə, həm də uşağınızın məktəbə hazırlığını stresssiz şəkildə tamamlaya bilərsiniz.
Əminə Bayramova