Yeni mövsümə hazırlaşan “Neftçi” Polşada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaqdı.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanın “Asteras” komandası ilə üz-üzə gəlməli idi.
Lakin Keltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan yoxlama oyunu güclü leysan səbəbindən ləğv olunub. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) start verilməli idi.
Xatırladaq ki, “Neftçi” daha öncə İsrailin “Hapoel” (Təl-Əviv) (1:1) və Polşanın “Termalitsa” (Nyeçetşa) (2:2) komandaları ilə heç-heçə edib. “Ağ-qaralar” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) komandasına qarşı keçirəcək.