Bir neçə gün öncə karyerasını bitirən azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayevin Offsideplus.az saytına müsahibəsi

Karyeranızı bitirmək qərarı sırf yaşla bağlıdır, yoxsa başqa səbəblər də var?

– Xeyr, tək yaşla əlaqəli deyil. Bu idman növü sponsor və maddiyyat tələb edir. 40 yaşıma kimi nə etmişəmsə, öz gücümlə etmişəm. Nə maddi, nə də mənəvi dəstəyim olub. Məsələn, heç kim məni təlim-məşq toplanışına göndərməyib. Həm işləyib ailə saxlamaq, həm məşq keçmək, həm də yarışa hazırlaşmaq həddindən artıq çətindir. Ona görə də karyeranı bitirməyə məcbur oldum.

Sonuncu döyüşünüzdəki məğlubiyyətin bu qərarda payı varmı?

– Təəssüf ki, nə qədər dəstək istəsəm də, kömək edən tapılmadı. Məcbur olub üç həftə qalmış döyüşü qəbul etdim. Normal məşq prosesi keçə bilmədiyimə görə məğlub oldum. Bizim idman növü elədir ki, döyüşdən ən azı iki ay əvvəl harasa gedib təlim-məşq toplanışında iştirak etməlisən. Nə qədər dedim ki, məni göndərin, göndərmədilər. Vəziyyəti belə görəndən sonra başa düşdüm ki, davam etmək alınmayacaq. 20 ildən sonra karyeranı bitirmək, əlbəttə ki, asan deyil. Ancaq başqa yol yox idi.

Karyeranızın ən yaddaqalan döyüşü hansı olub?

– Professional şəkildə keçirdiyim 38 döyüşün hər biri mənim üçün yaddaqalan olub.

Bundan sonra məşqçiliklə davam edəcəksiniz, yoxsa başqa planlarınız var?

– Bəli, müəllimlik fəaliyyətimi davam etdirəcəyəm.

– Azərbaycanda, yoxsa xaricdə?

– Hələ ki, burada çalışmağı düşünürəm. Ancaq gələcəkdə nəsib olarsa, xaricdə davam etdirmək istəyirəm.

Azərbaycanda MMA-nın səviyyəsi sizi qane edirmi?

– Xeyr.

Niyə?

– Kənardan hər şey asan görünür. Elə bilirlər ki, bizə ciddi dəstək var. Halbuki bu, hər kəsə aid deyil. Şəxsən özüm barədə deyim ki, mənə heç kim dəstək olmayıb. Bu yerə qədər gəlib çıxmışamsa, hamısını öz gücümlə etmişəm. Heç kim deyə bilməz ki, “mən Aqşinə dəstək olmuşam”. Bu gün kifayət qədər potensiallı cavanlarımız var. Təəssüf ki, onlar da eyni problemdən əziyyət çəkirlər. Bir neçə UFC-də vuruşanlar istisna olmaqla, digər döyüşçülərə dəstək göstərən yoxdur. Dərinə getsək, həmin döyüşçülər heç Azərbaycan vətəndaşı da deyillər. Halbuki öz ölkəmizdə o qədər yaxşı vuruşanlar var ki, onlara dəstək duran tapılmır.

Sizcə, ən yaxın vaxtlarda azərbaycanlılardan daha kimləri UFC-də görə bilərik?

– Əli Quliyev, Asəf Çopurov və Fərid Əlibabazadəni gələcəkdə UFC-də görürəm.