BAKI, 27 iyul. TELEQRAF
Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında yerləşən "Genkay" Atom Elektrik Stansiyasının üzərində üç naməlum pilotsuz uçuş aparatı (PUA) qapalı hava məkanına daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
PUA-lar haqqında məlumatı hakimiyyət orqanlarına AES-in sahibi olan "Kyushu Electric Power" enerji şirkəti verib. Bildirilir ki, dronlar heç bir zərər törətməyib və atom elektrik stansiyası adi rejimdə fəaliyyətini davam etdirir. Polis hazırda həmin dronları axtarır.
Yaponiyada vacib infrastruktur obyektlərinin, o cümlədən atom elektrik stansiyalarının hava məkanı üzərində icazəsiz PUA uçuşları qadağandır.
Hazırda "Genkay" Atom Elektrik Stansiyasında istismar müddətini başa vurmuş iki enerji blokunun sökülməsi işləri aparılır. 2018-ci ildən etibarən orada daha iki yeni enerji bloku yenidən fəaliyyətə başlayıb. Bu bloklarda 2011-ci ildə "Fukushima-1" AES-də baş verən qəzadan sonra qəbul edilən sərtləşdirilmiş qaydalara uyğun olaraq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə əlavə işlər görülüb.