AZ

Hava ilə bağlı xəbərdarlıq: Bunlara əməl edilməlidir, yoxsa...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İyulun 26-sı axşamadək ölkənin bir çox bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Son günlərdə müşahidə olunan dəyişkən hava şəraiti – gah isti, gah da yağışlı və rütubətli günlər – əhali arasında narahatlıq yaradıb.

Xüsusilə isti və rütubətli havadan sərin və yağıntılı günlərə keçid insan sağlamlığına necə təsir edir? Mütəxəssislər bu cür hava dəyişikliklərinin orqanizmə konkret təsirləri barədə nə deyir?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova bildirib ki, isti və rütubətli günlərdən qəfil sərin və yağışlı hava şəraitinə keçid bir çox insanlar üçün həm fiziki, həm də psixoloji narahatlıqlara səbəb ola bilər.

Onun sözlərinə görə, bu tip dəyişikliklər xüsusilə həssas sinir sisteminə malik insanlarda daha aydın hiss olunur:

“Belə hallarda qısa gəzintilər və təmiz hava qəbul etmək tövsiyə olunur. Yağışdan sonra havada yaranan ozonun insan psixologiyasına müsbət təsir göstərdiyi məlumdur. Bu səbəbdən açıq havada olmaq rahatlıq hissini artırır. Havanın qəfil dəyişməsi insanın daxili bioloji saatına – sirkadiyan ritmlərə təsir göstərərək yuxusuzluq, halsızlıq, diqqət pozuntusu kimi əlamətlərə səbəb ola bilər. Günəşli havadan buludlu və yağışlı günlərə keçidin bəzi şəxslərdə, xüsusən yaşlı insanlarda və xroniki revmatizması olanlarda depressiv əhval-ruhiyyə yaratması mümkündür. Belə hava şəraitində gündəlik rejimə riayət etmək, xüsusilə yuxu saatlarını sabit saxlamaq vacibdir. Hava dəyişə, lakin orqanizm bu dəyişikliklərə uyğunlaşa bilər. Bədənimizi və zehnimizi bu keçidlərə hazırlamaq sağlam qalmaq üçün olduqca önəmlidir”.

Aygün Sayılova

Aygün Sayılova bildirib ki, sərin hava insanların özlərini toparlaması üçün əsl fürsətdir:

“Havanın tam soyuq olmaması, əksinə, təravətli və nəfəs alınası olması parklarda, yaşıllıqlarda vaxt keçirmək üçün imkan yaradır. Bu cür sərin hava insan orqanizminə mənfi təsir göstərmir, əksinə, sağlamlığa müsbət təsir edir. Xüsusilə xəstələr və uşaqlar üçün belə hava şəraiti bərpa və yenilənmə dövrüdür. Bu fürsətdən maksimum yararlanmaq lazımdır. Çünki parklar, meşələr, açıq məkanlarda daha çox vaxt keçirmək, təbiətin sakitliyindən və təmiz havasından faydalanmaq hər kəsin rifahına müsbət təsir göstərir. Bununla yanaşı, sərin hava fonunda baş verən bəzi dəyişikliklər də orqanizmdə narahatlıq yarada bilər. Buna görə də soyuqdan qorunmaq, xüsusilə boyun nahiyəsini örtülü saxlamaq və üşüməməyə çalışmaq vacibdir”.

Mütəxəssis ümumilikdə belə dövrləri insan orqanizmi üçün “nəfəs alma” imkanı kimi qiymətləndirib:

“Bu cür havalar insanın rahatlamasına, orqanizmin daha sağlam şəkildə fəaliyyət göstərməsinə şərait yaradır və isti havaların yaratdığı yorğunluğu azaldır. Ona görə də hava şəraitindən düzgün istifadə etməklə həm sağlamlığımızı qoruya, həm də təbiətin bizə bəxş etdiyi bu rahatlıqdan zövq ala bilərik”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
globalinfo.az

2Mənbələr