Bugünlərdə sosial şəbəkələrdə geniş yayılmış məlumatlardan biri də Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə bir gəncin intihar etməsi ilə bağlıdır.
Belə ki, bir neçə gün öncə mərhum 23 yaşlı Qiyas İsmayılzadənin toyu olacaqmış. İddialara görə, onun anası qız evindən göndərilən cehizə narazılıq edib, nəticədə qızın atası toydan imtina edib.
Bundan xəbər tutan Q. İsmayılzadə isə canına qəsd edib. Oğlanın ailəsi isə yayılan bu fikirləri təkzib edib. İttihamlarda adı hallanan mərhumun anası Pakizə İsmayılova isə iddia edib ki, oğlunu sıxıblar:
“Balam üçün hər şey edirdik, atası istənilən hər şeyi almışdı. Bu cür ev, bu cür şərait, atası onun toyu üçün çox əziyyət çəkirdi”.
Qiyasın nənəsi isə qız tərəfi razı sala bilmədiyini deyib:
“Getdim ki, onları yola gətirim, razı salım. Qızın atası dedi ki, “olmaz, eşitdim ki, siz yaxşı adamlar deyilsiniz”.
Beləliklə, müxtəlif səbəblər səslənsə də fakt odur ki, artıq ailə quracaq bir gənc intihar edib. Məhz son dövrlər müxtəlif ailə məişət zəminində baş verən münaqişələr xüsusilə də gənclər arasında intiharlara gətirib çıxarır.
Ümumiyyətlə, ailə quran gənclərin həyatına valideynlərin müdaxiləsi doğrudurmu? Sosial problemlərmi insanları intihara vadar edir, yoxsa psixoloji baxımdan insanlarda dözümlülükmü zəifləyib?
Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev "Cebheinfo.az"-a bildirib ki, ailə zəminində intihar hallarının artması, sadəcə ailə problemi deyil, daha geniş sosial və mədəni faktorların, eləcə də fərdlərdə kütləvi olaraq psixoloji zəifliyin göstəricisidir:
"Valideynlərin gənclərin ailə həyatına həddən artıq müdaxiləsi, Azərbaycan cəmiyyətində çox yayılmış bir “kollektiv ailə modeli” problemidir.
Bu müdaxilə “biz yaxşılıq edirik” adı ilə edilsə də, əksər hallarda gənc cütlüklərin sərhədlərini dağıdır və onları emosional müstəqillikdən məhrum edir. Ailədaxili gərginliklərin yaranmasına ən əsas səbəblərindən biri elə məhz, valideynlərin “toxunulmaz" fikirlərinə qarşı mübarizədən doğur".
İnsanların psixoloji dözümlülüklərinin zəifləməsinə gəldikdə isə sosioloq deyir ki, əlbəttə belədir:
"Amma bunun da baş verməsi özlüyündə bir sosial miqyaslı problemdir. Dövrümüzdə sosial təzyiqlər artıb, çıxış yolları isə azalıb.
Sosial-iqtisadi gərginlik, işsizlik, boşanma qorxusu və “camaat nə deyər sindromu”, paralel olaraq mediada yayılan intihar xəbərləri, filmlərdə artıq adi hal kimi təsvir edilən ciddi bir səbəbi olmayan intiharlar, sonda intihar üçün münbit zəmin yaradır.
Yəni burada təkcə fərdin zəifliyi deyil, cəmiyyətin dəstək sistemlərinin (psixoloji xidmət, ictimai dəstək, açıq dialoq mədəniyyəti) yoxluğu da ciddi rol oynayır.
Əgər bu tendensiyanın qarşısını almaq istəyiriksə, bilməliyik ki, “dözümlü olun” deməklə, ya da dini yanaşma qoyaraq "Allah sizi cəzalandırar" deyərək qorxutmaqla bu məsələ həll oluna bilməz.
Burada həm psixoloji yardımın əlçatanlığı artırılmalı, həm də cəmiyyətin ailə institutuna yanaşması dəyişməlidir.Paraleldə isə intiharı adiləşdirən, normallaşdıran materiallara qarşı mediada ciddi senzura tətbiq olunmalıdır".