Formula 1 Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
Hafta.az xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.
Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 60 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri olub. Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə isə iştirakçılara yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Bu ilin iyul ayından başlayan bu növ təlimlər artıq üçüncü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi bu il sentyabrın 19-21-də paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.