Yay aylarının ən çox istehlak olunan meyvələrindən biri olan qarpızla bağlı mütəxəssislər vacib xəbərdarlıq ediblər. Qarpızın xarici səthində salmonella kimi təhlükəli bakteriyaların ola biləcəyi və bu səbəbdən düzgün yuyulmadan kəsilməsinin sağlamlıq üçün ciddi risk yaratdığı bildirilib.
News365.az bu barədə yenisabah.az-a istinadən xəbər verir.
Qarpız kəsilərkən bıçaq vasitəsilə bakteriyalar meyvənin içərisinə keçə bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün zəhərlənmə riski yaradır.
Mütəxəssislər qarpızı soyuducuya qoymadan və kəsmədən əvvəl axar su ilə yaxşıca yumağı, lazım gələrsə sabunsuz bir fırça ilə səthini təmizləməyi tövsiyə edir.
Əgər bu gigiyenik qaydalara əməl olunmazsa, qarpızdan salmonella və digər mikrobların keçməsi nəticəsində qida zəhərlənmələri, ishal, ürəkbulanma, yüksək temperatur və qarın ağrısı kimi əlamətlər ortaya çıxa bilər.
Mütəxəssislər həmçinin satış yerlərində saxlanma şəraitinə də diqqət edilməsini, günəş altında uzun müddət qalmış qarpızların alınmamasını məsləhət görürlər.