AZ

Qəbələ festivalında “Detaşe-Sabah” violinoçular ansamblının konserti maraqla qarşılanıb

Qəbələ, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC

XIV Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 26-da gündüz saatlarında Heydər Əliyev Konqres Mərkəzində “Detaşe-Sabah” violinoçular ansamblının konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertə başlamazdan əvvəl kollektivin rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək ansamblın fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının “Detaşe-Sabah” violinoçular ansamblı artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Ansamblın özəyini Akademiyanın “Sabah” qruplarının üzvləri təşkil edirlər. “Təhsillərini bitirməsi ilə əlaqədar olaraq hər iki-üç ildən bir ansamblın tərkibi dəyişir və biz öz işimizi yenidən başlamalı oluruq. Bu, əlbəttə ki, çətindir. Simfonik və kamera orkestrlərindən fərqli olaraq violinoçular ansamblının üzvləri dirijorsuz ifa edirlər. Burada hər bir fərdin bir-birinin səsini, nəfəsini hiss etməsi və ifa olunan əsərlərin ən kiçik təfərrüatlarını belə yalnız cilalanmış hissiyyat səviyyəsində ifa etməsi tələb olunur. Buna çox böyük əmək hesabına nail olunur”,- deyə ansamblın rəhbəri vurğulayıb.

Konsertdə Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Qara Qarayev, Fərhad Bədəlbəyli, Ü.Məmmədov, həmçinin İ.S.Bax, N.Rimski-Korsakov, S.Prokofyev, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib.

Festival çərçivəsində günün ikinci yarısında tamaşaçılara Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti təqdim olunacaq.

Seçilən
38
2
azertag.az

3Mənbələr