Qlobal turizm sənayesi daima siyasi proseslərin təsiri altındadır və bu günlərdə Cənub-Şərqi Asiyada yaranmış yeni münaqişə cağı sektorun həssaslığını bir daha ön plana çıxarır. Tailand və Kamboca kimi turizmdən asılı ölkələr arasında gərginlik, beynəlxalq səyahət planlarına birbaşa təsir edir.
“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurovun sözlərinə görə, Tailand və Kamboca kimi ölkələr iqtisadiyyatlarının mühüm hissəsini turizm gəlirləri hesabına formalaşdırır: “Tailand ildə təxminən 60 milyard ABŞ dollara yaxın turizm gəliri əldə edərək dünyanın ən çox ziyarət edilən destinasiyalarından biridir. Kamboca isə qədim abidələri və özünəməxsus mədəniyyəti ilə turistləri cəlb edir. Bu ölkələrdə əvvəllər də sərhədyanı mübahisələr və qısa toqquşmalar baş verib, lakin hazırkı gərginlik daha genişmiqyaslıdır və beynəlxalq mediada daha çox diqqət çəkib. Bu səbəbdən bir çox turist təhlükəsizlik riskləri ilə bağlı narahatlıq keçirərək səyahət planlarını təxirə salır və yaxud tamamilə ləğv edir. Münaqişə uzun çəkməyəcək, çünki onun davam etməsi və yaxud genişlənməsi həm Tayland, həm də Kambocanın turizm gəlirlərinə ciddi zərər vura bilər”.
C.Aşurov əlavə edib ki, münaqişə daha da genişlənərsə, həmin regionda olan Azərbaycan vətəndaşlarının mütləq ölkəmizin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaması vacibdir. Hazırda gərginlik əsasən sərhədyanı ərazilərlə məhdudlaşdığı üçün turistlər üçün birbaşa risk minimal olaraq qiymətləndirilir.
Münaqişə zonasından əsas turistik mərkəzlərə məsafə
Tailandın populyar istirahət bölgələri münaqişə zonasından kifayət qədər uzaqdadır. Pattaya və Banqkok təxminən 500 km, Ko Çanq adası 500 km-dən çox, Hua Hin 700 km-dən artıq, Çianqmay isə 800 km-dən çox məsafədə yerləşir. Phuket və Samui adaları isə münaqişə zonasından 1200 km-dən uzaqdadır. Bu məsafə turistlər üçün müəyyən qədər əminlik yaratsa da, ümumi gərginlik beynəlxalq səfərlərə təsirini göstərir.
Azərbaycan turizm şirkətləri üçün çətinliklər
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyevin sözlərinə görə, bu sahə istənilən iqtisadi, sosial və ya siyasi hadisələrə qarşı çox həssasdır: “Təhlükəsizlik səyahət edənlər üçün əsas seçim meyarıdır. Hər hansı bölgədə gərginlik yarandıqda, insanların “getsəm nə olar?” sualı yaranır və bu da həmin istiqamətə olan tələbatın azalmasına səbəb olur”.
Ə.Şiriyev əlavə edib ki, əvvəlcədən alınan turların ləğvi zamanı müəyyən qaydalar mövcuddur: “Tam məbləğin geri qaytarılması yalnız aviaşirkətlərin uçuşları dayandırdığı, beynəlxalq səyahət məhdudiyyətləri tətbiq edildiyi, münaqişə səbəbindən bölgəyə tam girişin bağlandığı və ya hotellərin fəaliyyətini dayandırdığı hallarda mümkündür. Əgər turizm fəaliyyəti qismən də olsa davam edirsə, adətən turlar ləğv edilmir və cəriməsiz geri qaytarılma həyata keçirilmir. Bu halda turu ləğv etmək istəyən turist ödənişin 100 %-ni itirir ki, bu da maliyyə itkisi yaratdığı üçün əksər insanlar planlaşdırdıqları səyahəti davam etdirirlər”.
Regional münaqişələr qlobal turizm sənayesinin nə qədər həssas olduğunu göstərir. Bu vəziyyət həm turizm şirkətlərini, həm də səyahətçiləri daha təhlükəsiz və sabit istiqamətlər seçməyə vadar edir. Beynəlxalq turizm sektorunun risklərə daha dözümlü olması və diversifikasiya strategiyalarını gücləndirməsi vacibdir.
2024-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü illə müqayisədə 15,5 % artaraq 2 milyon 158,9 min nəfər olub. O cümlədən, ötən il Azərbaycandan Tailanda gedənlərin sayı 22 nəfər olub ki, bu da əvvəlki ilə nisbətən 47 % çoxdur. Kambocaya səfərlərlə bağlı statistika isə açıqlanmır.