İranın Zahedan şəhərində məhkəmə idarəsinin binasına silahlı hücum edən üç nəfər məhv edilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə yerli "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl verilən məlumata görə, cinayətkarlar Sistan və Bəlucistan əyalətində məhkəmə idarəsinin binasına hücum ediblər. Məsuliyyəti "Ceyş ul-Adl" qruplaşması öz üzərinə götürüb.
Əmlaka zərər vurulduğu qeyd edilir. Bundan əlavə, silahlıların hücumu nəticəsində altı nəfər ölüb, daha 20 nəfər yaralanıb.
12:28
İranın cənub-şərqindəki Zahedan şəhərində məhkəmə binasına silahlı hücum nəticəsində beş nəfər həlak olub, 13 nəfər yaralanıb.
Oxu.az bu barədə "Tasnim" agentliyinə istinadla xəbər verir.
Məlumata görə, ölənlər arasında qadın və yeni doğulmuş körpə var. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Bildirilir ki, məhkəmə binasına hücum edən silahlı şəxslər zərərsizləşdiriliblər.
11:52
İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində yerli məhkəmə binasına silahlı hücum təşkil olunub.
Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, bir neçə silahlı şəxs məhkəmə binasına daxil olaraq birbaşa hakimlərin kabinetlərinə doğru irəliləyib və atəş açıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hücum zamanı binada olan məhkəmə işçiləri və təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar var. Ölənlərin və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb. Hücum edənlərin kimliyi və motivləri barədə rəsmi məlumat verilmir.
Qeyd edək ki, əsasən sünni bəlucların yaşadığı Sistan və Bəlucistan əyaləti son illər İran hakimiyyətinə qarşı tez-tez baş verən etiraz aksiyaları və silahlı toqquşmalarla gündəmə gəlir.