AZ

Azərbaycan -Gürcüstan gənclər forumu keçirildi

Azərbaycan və Gürcüstan gəncləri arasında keçirilən forum çox mühüm əhəmiyyət kəsb edir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan-Gürcüstan Gənclər Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında olan münasibətlər təkcə strateji əhəmiyyətli dövlətlər səviyyəsində deyil, eyni zamanda iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə olduğu kimi, gənclər arasında da inkişaf edir. “Gənclər bizim gələcəyimizdir. Bu forumun keçirilməsində əsas məqsəd gənclərin bir-birinə daha da yaxınlaşmasıdır. Təbii ki, bu məsələ cənab Prezident İlham Əliyevlə Gürcüstan Prezidenti Mixail Kavelaşvili arasında keçirilən rəsmi görüşdə də qaldırılmışdır,” – deyə Arzu Nağıyev bildirib.

O əlavə edib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun rəhbəri Givi Mikanadze tərəfindən də bu təşəbbüs dəstəklənmiş və artıq o, gənclər, elm və təhsil naziridir. “Birmənalı şəkildə bu təşəbbüs parlament səviyyəsində dəstək tapdı. Eyni zamanda prezidentlərin görüşündən sonra Azərbaycan Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi səviyyəsində bu öz son həddinə gəldi. Mən bir daha Parlamentlərarası İşçi Qrupunun rəhbəri kimi cənab nazirlərə, Azərbaycan hökumətinə və cənab Prezidentə təşəkkür edirəm ki, məhz onların təşəbbüsü, dəstəyi və parlament səviyyəsində bu məsələnin həllindən sonra belə bir forum baş tutdu,” – deyə o vurğulayıb.

Deputat forumun yüksək səviyyədə təşkil olunduğunu, Qubada, Sumqayıtda və Bakıda keçirilən tədbirlərdə gənclərin öz problemlərini səsləndirdiklərini bildirib. O, bu platformanın gələcəkdə gənclərin bir-birinə daha da sıx yaxınlaşması, regionda sülhün bərqərar olması və yeni layihələrin reallaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Arzu Nağıyev çıxışının sonunda bildirib: “Bir daha gənclərimizi də təbrik edirəm və gələcəkdə belə forumların keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. Onu da qeyd etmək istəyirəm ki, məhz Azərbaycandan sonra avqust ayının 2-dən 8-dək bu forum öz işini Gürcüstanda davam etdirəcəkdir və bizim də gənclər həmin forumda iştirak edəcəklər.”

Seçilən
57
teleqraf.com

1Mənbələr