AZ

AFFA Teleqraf-a müsahibəsinə görə Rauf Allahverdiyi hakimlikdən qovdu

AFFA azərbaycanlı futbol hakimi Rauf Allahverdiyevlə əməkdaşlığa rəsmən son qoyub.

Teleqraf xəbər verir ki, bununla bağlı ədalət təmsilçisinə məktub göndərilib.

“Araşdırma müddətində AFFA sizə rəsmi qaydada hər hansı yazılı məlumat və ya bildiriş təqdim etmədiyi halda, ictimaiyyətə verdiyiniz əsassız bəyanatlar, kütləvi informasiya vasitələrində AFFA-nın nüfuzuna və işgüzar imicinə xələl gətirə biləcək əsassız və böhtan xarakterli açıqlamalarınız sizinlə əməkdaşlığın davam etdirilməsini mümkünsüz edib”, - deyə məktubda bildirilir.

Allahverdiyevə qarşı belə sərt cəza tədbirinə onun iyulun 15-də Teleqraf-a verdiyi sensasion müsahibə səbəb olub. Həmin müsahibədə ədalət təmsilçisi bildirib ki, AFFA Hakimlər Komitəsinin sıravi əməkdaşının ona zəng edərək, hakimlikdən kənarlaşdırıldığı barədə məlumat verib. Daha sonra hakim AFFA-nı "Sabah"ın sifarişi ilə bu qərarı qəbul etdiyini, bu klubun Hakimlər Komitəsi üzərində də təsir imkanlarına malik olduğunu açıqlayıb.

O, hakimlikdən uzaqlaşdırılmasına Azərbaycan Kubokunun yarımfinal mərhələsinin aprelin 2-də "Neftçi" və "Sabah" komandaları arasındakı ilk oyununda baş vermiş olayın səbəb olduğunu söyləyib. Həmin matçda VAR hakimi olan Allahverdiyev 90+1-ci dəqiqədə baş vermiş epizodda meydan sahiblərinin futbolçusu Yuri Matiasın rəqib oyunçu Coy-Lens Mikelsə qarşı müdaxiləsini penalti kimi dəyərləndirməyib. Nəticədə baş hakim Əliyar Ağayev də "davam" qərarı verib.

Bundan sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş hakim Cahangir Fərəcullayev bu hakimlə görüşərək, onun qərarından şübhələndiklərini bildiriblər.

Seçilən
15
teleqraf.com

1Mənbələr