AZ

MTK-larla provayderlər arasında qarşıdurma: Kim kimdən rüşvət tələb edir?

"Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır". Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib.

İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur. Qeyd edək ki, bu mövzuda artıq bir neçə dəfə görüş keçirilib. Lakin hələ də məsələ öz həllini tapmayıb. Tikinti şirkətlərinin tətbiq etdiyi məhdudiyyətə səbəb nədir?

“MTK-lar öz provayderlərini yaradırlar”

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var: “Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir”.

F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır: “MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər”.

“Maksimum qənaət etmək istəyirlər”

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağı keyfiyyətli kabellər quraşdırırlar: “Onların məqsədi yüksək keyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək”.

Seçilən
11
2
publika.az

3Mənbələr