AZ

Çinin lazer texnologiyası kosmosda yeni cəbhə açır

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin Hefeydə yerləşən Fizika Elmləri üzrə Elmi-Tədqiqat İnstitutu beynəlxalq hərbi və texnoloji dairələrdə rezonans doğuracaq yeni nailiyyətə imza atıb. İnstitutun alimləri barium-selenoqallat (BGSe) adlı birləşmədən istifadə etməklə, diametri 60 millimetr olan dünyanın ən iri kristal nümunəsini hazırlayıblar. Cənubi Çin səhifəsində dərc olunan məlumata görə, bu kristal güclü lazer şüalanmasına (bir kvadrat santimetrə 550 meqavatt) davam gətirə bilir ki, bu da onu lazer silahlarının hazırlanmasında inqilabi materiala çevirir.

Əldə edilən nəticə Çinin orbitdə yerləşən peyklərə qarşı yönləndirilmiş enerji silahları, xüsusilə yüksək güclü lazer sistemlərini yaratmaq potensialını ciddi şəkildə artırır. Hərbi məqsədli digər kristallar bu səviyyədə güc yüklənməsinə tab gətirə bilmədiyindən, BGSe-nin stabil yüksək nailiyyət göstəriciləri yeni nəsil silahların inkişafına təkan verə bilər.

Məlumatda qeyd olunur ki, bu nailiyyətə professor U Xaysinin rəhbərliyi ilə çalışan alimlər qrupu imza atıb. Onların fikrincə, BGSe kristalları yalnız lazer silahlarında deyil, həm də raketlərin izlənməsi, təyyarələrin identifikasiyası və hətta tibbi diaqnostik sistemlərdə istifadə edilə bilər. Bu, texnologiyanın həm hərbi, həm də mülki tətbiq sahələri üçün geniş imkanlar vəd etdiyini göstərir.

Bu elmi yenilik yalnız texnoloji deyil, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Son illərdə ABŞ, Rusiya və Çin arasında kosmosda hərbiləşdirmə və silahlanma yarışının intensivləşdiyi müşahidə olunur. ABŞ-ın Kosmik Qüvvələr Komandanlığı (U.S. Space Force) və Rusiyanın kosmosda mülki obyektləri hədəfə ala biləcək antisatellit imkanları yaratmağa yönəlmiş səyləri artıq qlobal narahatlıq doğurub. Çinin bu sahədə qazandığı üstünlük isə qarşıdurma dinamikasını daha da mürəkkəbləşdirir.

Xüsusilə, orbitdəki rabitə və müşahidə peykləri, strateji informasiya axınında mühüm rol oynayır. Ekspertlərin sözlərinə görə, bu peyklərin lazerlərlə hədəfə alınması, müharibə və kəşfiyyat strategiyalarının kökündən dəyişməsinə gətirib çıxara bilər. Qərb mətbuatı da qeyd edir ki, ABŞ və NATO-nun müdafiə planlaşdırılmalarında bu tip texnologiyalara qarşı qoruyucu sistemlərin yaradılması artıq prioritet halını alıb.

Avropa İttifaqı kosmosun hərbiləşdirilməsinə qarşı çıxış etsə də, bu sahədə ümumdünya hüquqi çərçivə faktiki olaraq mövcud deyil. 1967-ci il Kosmos Sazişi (Outer Space Treaty) ölkələri kosmosda kütləvi qırğın silahları yerləşdirməkdən çəkindirsə də, kosmosa yönləndirilmiş enerji silahları və ya antisatellit sistemləri bu hüquqi çərçivəyə daxil deyil. Qeyd etmək yerinə düşər ki, antisatellit sistemləri (ASAT - Anti-Satellite weapons) potensial düşmənə məxsus peykləri məhv etmək, sıradan çıxarmaq və ya onların funksionallığını pozmaq məqsədilə hazırlanmış hərbi texnologiyalardır. Bu sistemlər kosmosda və ya Yer üzündən orbitdəki obyektləri hədəfə almaq imkanına malikdir.

Belə bir vəziyyətdə, mütəxəssislərin fikrincə, Çinin BGSe kristalı əsasında hazırlaya biləcəyi lazer texnologiyaları, beynəlxalq ictimaiyyəti bu sahədə yeni hüquqi mexanizmlər yaratmağa vadar edə bilər. Eyni zamanda, bu inkişaflar silahlanma nəzarəti və strateji sabitlik müstəvisində yeni müzakirələrin başlanmasına gətirib çıxaracağı istisna edilmir.

Siyasi müşahidəçilər düşünürlər ki, Çinin təqdim etdiyi bu texnoloji yenilik yalnız elm və sənaye uğuru deyil, həm də geosiyasi balansları dəyişə biləcək bir hadisədir. Çünki kosmos artıq, sadəcə, tədqiqat və rabitə sahəsi deyil, həm də rəqabətin, qarşıdurmanın və strateji güc nümayişinin yeni məkanına çevrilir.

Xatırladaq ki, “soyuq müharibə” dövründə (1947–1991) ABŞ və SSRİ arasında hərbi, texnoloji və ideoloji rəqabət yalnız yer üzündə deyil, kosmosda da qızğın şəkildə davam etmişdi. Bu rəqabətin əsas istiqamətlərindən biri kosmik silahlanma idi. O dövrdə ABŞ prezidenti Ronald Reyqanın təşəbbüsü ilə “Ulduz müharibələri” kimi tanınan Strateji Müdafiə Təşəbbüsü (SDI) irəli sürülmüşdü. Bu proqram kosmosda raketdən müdafiə sistemləri, lazer və kinetik silahlar üzərində cəmləşmişdi.

Beləliklə, ABŞ, Rusiya və Çin arasındakı bu yarış təkcə texnologiya sahəsində deyil, həm də beynəlxalq təhlükəsizlik və normativ tənzimləmə sahəsində də yeni çağırışlar doğurur. Buna görə də, lazer texnologiyası fonunda başlayan bu mərhələnin XXI əsrin “kosmosda soyuq müharibə”si kimi tarixə düşmək şansı getdikcə artır.

Səbuhi MƏMMƏDOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr