"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans
Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Aris"ə 2:1 hesabı
ilə qalib gəldikləri oyunu şərh edib.
Qeyd edib ki, oyun maraqlı, dinamik şəraitdə keçib: "Bilirdik ki, rəqib
bizə nə sürprizlər hazırlayıb".
"Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də
komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox
düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter
baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı
olacaq", - deyə baş məşqçi bildirib.
Mütəxəssis boşa verilən qol fürsətlərindən danışıb: "Ustalıqla
bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, futbolçuların hissləri
üstün gəldi. O epizodlara komanda girirsə, ona alqış düşür. Qarşımızdakı rəqib
yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar".
E.Baxşıyev buraxdıqları qolda olan mübahisəli qərardan da söz açıb:
"VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar
verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsünüz, biz 14 günlük
toplanışda hiss edirdik ki, xarakteri formalaşdırır. Möhkəm komandamız var.
Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik.
Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq,
komandanı unutmuş olacağıq. Özümüzə köklənirik".
O həmçinin Naxçıvandan gələn azarkeşlər barədə danışıb: "Bu gün
atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı,
hücuma səsləyirdilər".
Mütəxəssis komandasının çıxışını isə belə şərh edib: "Məni daha çox
qələbə yox, futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə
çalışmaqları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları
təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq.
Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik.
Bu gün meydana çıxan oyunçuların 5-i yeni qoşulub bizə. Günlər keçdikcə,
futbolçular da adaptasiyanı daha rahat keçəcək".
E.Baxşıyev cavab oyunundan söz açarkən deyib: "Heyətimiz cavan
futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəyə sahibik.
Düşünmürəm ki, səfərdə ab-hava onlara təsir etsin. Komanda şəklində buna da
hazır olacağıq".
O, Naxçıvanda oynamaq imkanından da danışıb: "Biz də Naxçıvanda
oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı
orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa ab-havası var,
futbolu orada da sevirlər. "Araz-Naxçıvan" avrokuboklara getməklə
çoxlarına sürpriz etdi. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru
irəliləyirik".
Mütəxəssis komandanın üzvü Patrik Andradenin çıxışı ilə bağlı suala belə
cavab verib: "Komandada ab-hava sağlamdır. Heyətimizdə bizimlə olan
insanlar da onu görür, hiss edir. Yaxşı ab-hava formalaşdırmışıq. Təzyiq yoxdur
burada. Komandamızın potensialı bu deyil".
E.Baxşıyev yerli çempionatdakı hədəflərdən də danışıb: "Çempionata
hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər.
Çempionatda yaxşı iş ortaya qoyacağıq".