Naxçıvan sakinlərinin Bakıya və əks istiqamətdə səyahət etməsi illərdir ki, asan məsələ deyil. Yollar bağlı, dəmiryolu yoxdur, alternativ nəqliyyat imkanları məhduddur. Yeganə rahat yol kimi təqdim edilən hava nəqliyyatı, yəni AZAL-ın həyata keçirdiyi Bakı–Naxçıvan–Bakı reysləri isə artıq vətəndaşları cana yığıb.
Hər gün saatlarla gecikən uçuşlar, əsəblə gözləyən yüzlərlə sərnişin, ləğv edilən reyslər… Bütün bunlar sadə vətəndaşların həyatını zindana çevirib. Görünən odur ki, Naxçıvanlıların yiyəsi yoxdur, çünki demək olarki, illərdi hər gün dəfələrlə baş verən bu gecikmələr bu qədər biabırçılıq, bu qədər məsuliyyətsizlik bu qədər susqunluqla müşahidə olunmamalı idi.
Sosial şəbəkələrdə sərnişinlərin paylaşdığı şikayətlər isə bu zülmü daha açıq şəkildə ortaya qoyur. Onlardan birinin - ömrünü Azərbaycan tarixi fənnini tələbələrə sevdirməyə həsr edən Zaur Əliyevin sosial media hesabında dedikləri sözün əsl mənasında içimizi göynədir:
“Naxçıvana təyyarə 6 saatdan çoxdur gecikir. İşdə 2.50 manata yeməyə güclə pul verən mən Hava limanında ən ucuz yemək olan adi bulkaya 4 manat, 2 manat da adi suya pul vermişəm. Yanıram. Butulkanı yadigar saxlayacam və zamanı gələndə onu sizə qaytaracam – xalqa belə zülm etdiyinizə görə.”
Bu, sadəcə bir sərnişinin harayı deyil – bu, bütöv bir regionun səsini eşitdirməyə çalışmasıdır.
AZAL isə susur. Hesabat vermir. Vətəndaşa izahat vermir. “Niyə gecikir?”, “Niyə ləğv olunur?”, “Nə qədər davam edəcək?” – bu suallara cavab yoxdur.
Əgər bu ölkənin bir hissəsində insanlar sanki blokada şəraitində yaşayırsa və bu vəziyyətə görə heç kim məsuliyyət daşımırsa, deməli, bu, nəinki logistik, bu, həm də siyasi biganəlikdir.
Bir az məsuliyyət hiss et, AZAL! Bu xalqın səbri bir gün daşacaq. Və o zaman nə boş butulkanı, nə də sadəcə sərnişinin əsəblərini qaytarmaqla məsələ bitməyəcək, - sərnişin bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta