AZ

Şahmat Federasiyasında nə baş verir?-Məşhur idmançı karyerasını dayandırdı

Azərbaycan şahmat yığmasının yeni heyəti açıqlanıb. Lakin uzun illər ölkəmizi beynəlxalq arenada təmsil etmiş tanınmış qrossmeyster Vasif Durarbəylinin adı bu siyahıda yer almır.

Editor.az tribunainfo.az-a istinadən xəbər verir ki, şahmatçı vəziyyətə etiraz etmədiyini desə də, açıqladığı səbəblər diqqətçəkicidir.

Durarbəyli sosial şəbəkədə paylaşım edərək idman yolunun Azərbaycan Şahmat Federasiyasının (AŞF) diskriminativ yanaşması və məqsədli təzyiqləri səbəbindən yarımçıq qaldığını bildirib:

“Bu dəfə komandada olmamağıma etiraz etmirəm, çünki peşəkar idmançı və şahmatçı kimi fəaliyyətimi dayandırmışam. Bunun birbaşa səbəbi Federasiyanın mənə qarşı göstərdiyi diskriminativ addımlar və təzyiqlərdir”.

O əlavə edib ki, illərlə davam edən münaqişəni ictimailəşdirməməyə, problemi daxildə və qarşılıqlı anlaşma ilə həll etməyə çalışıb, lakin bu cəhdləri nəticəsiz qalıb:

“Təəssüf ki, AŞF prezidenti Mahir Məmmədov məsələyə iradə göstərmədi, Gənclər və İdman Nazirliyi isə susqun qaldı”.

Durarbəyli nazir Fərid Qayıbova iki dəfə rəsmi müraciət etdiyini də qeyd edib. İlk məktub sadəcə Federasiyaya yönləndirilsə də, ikinci məktubda nazirin birbaşa mövqe bildirməsi tələb olunub:

“İkinci və sonuncu məktubumda nazirin özü məsələyə konkret münasibət bildirsin deyə yazdım. Həmin məktubda baş verənləri xülasə etmiş və aldığım cavabı əlavə etmişəm”.

Bu açıqlama Azərbaycan idmanında şəffaflıq və obyektiv yanaşma məsələsinin hələ də aktual olduğunu göstərir. Gənc nəsil üçün nümunə olan bir idmançının sistemin laqeyd və qərəzli mövqeyi ucbatından karyerasına son qoyması narahatedici tendensiyanın əlamətidir.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Seçilən
47
editor.az

1Mənbələr