AZ

Rəhman Xəlilov kimdir – biznesi, Bakıda yaşayan qardaşı və…

Tanınmış azərbaycanlı iş adamı İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus olan Rusiyadakı “Railgo” şirkətində axtarış aparılması ilə bağlı yayılan xəbərlər təkzib olunub.

Şirkət nümayəndələri bu barədə “Minval Politika”ya rəsmi açıqlama veriblər.

Rusiya mətbuatında, xüsusilə “Mash” teleqram kanalında yayılan xəbərlərdə guya 25 iyul 2025-ci il tarixində Moskva şəhərində yerləşən “Railgo” şirkətinin ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığı iddia olunurdu. Lakin bu məlumatlar “Railgo”nun rəhbərliyi tərəfindən qəti şəkildə təkzib olunub.

Şirkətin rəsmi açıqlamasında deyilir:

“Bu gün – 25 iyul 2025-ci il tarixində ‘Railgo’ MMC-nin Moskva şəhərində yerləşən ofisində iş prosesi tamamilə normal və adi rejimdə davam etdirilib. Həmin tarixdə nə şirkətin ofisində, nə də digər obyektlərində istənilən formada istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib. Bütün yayılan məlumatlar əsassız və yalandır”.

Haqqin.az isə ofisində axtarışların aparılması ilə bağlı xəbərini təsdiqləyir və iddia edib ki, Rəhman Xəlilov özü hazırda Bakıdadır.

Musavat.com gözlənilmədən gündəmə gələn R.Xəlilov haqda məlumatları təqdim edir.

Rusiya və Azərbaycan vətəndaşı olan iş adamı və xeyriyyəçi kimi tanınan Rəhman Xəlilov 1977-ci il sentyabrın 13-də Bakıda anadan olub. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmaq şərəfinə layiq görülüb. 2013–2015-ci illərdə Azərbaycan Qış İdmanı Federasiyasının prezidenti olub.

Screenshot_3.png

R.Xəlilov yeniyetməlik illərini Moskvada keçirib, ali təhsilini Cenevrə şəhərindəki Avropa Universitetində alıb, 1998-ci ildə oranı bitirib. 2001-ci ildə Cenevrə Beynəlxalq Universitetinin Beynəlxalq Biznes fakültəsində təhsilini başa vurub. 1997–2007-ci illər arasında o, hər ikisi PJSC Lukoil-in tərkibində olan “Lukoil-Türkiyə” və “Litasko S.A.”da müxtəlif vəzifələrdə çalışıb. Bundan əlavə, o, “ISR-Holdinq”in tərkibinə daxil olan “RIROIL” neft ticarəti şirkətinə rəhbərlik edib.

2008-ci ildə R.Xəlilov neft və neft məhsullarının daşınması sahəsində böyük biznes əldə edərək “Railgo” şirkətlər qrupunun (keçmiş adı ISR Trans) İdarə Heyətinin sədri olub. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neft, qaz, neft məhsulları və neft-kimya məhsullarının daşınması üçün ekspeditorluq xidmətləri göstərir, həmçinin multimodal daşımaları həyata keçirir. Oğul Xəlilovun rəhbərliyi altında şirkət yükdaşımaları bazarında liderə çevrildi. 2019-cu ildə yükdaşımaların həcmi 30 milyon tona çatıb.

Screenshot_4.png

Rəhman Xəlilov “Gələcəyə İnvestisiya” xeyriyyə layihəsinin təşəbbüskarı olub. Layihənin məqsədi istedadlı kimsəsizlərə, idmançılara və aztəminatlı ailələrdən olan uşaqlara dəstək olmaqdır. Layihə iştirakçılarına fərdi təqaüdlər və ünvanlı yardımlar, eləcə də müxtəlif təhsil və mədəni tədbirlərdə iştirak etmək imkanı verilir. Hər il Moskvada layihənin himayəsi altında Nikolay Tsiskaridzenin rəhbərliyi ilə Vaqanova adına Rus Balet Akademiyasının xeyriyyə tamaşaları keçirilir.

Rəhmanın atası İskəndər Xəlilov “Lukoyl” neft şirkətlərində və dövlət neft şirkəti “Slavneft”də yüksək vəzifələrdə çalışıb. Hazırda o, yod istehsalı, avtomobil ticarəti, inkişaf, mehmanxana və restoran biznesi üzrə ixtisaslaşan “ISR-Holdinq” holdinqinin təsisçisi və prezidentidir.

Xəlilov müsahibələrinin birində deyib ki, Azərbaycandakı biznesləri ilə atası və kiçik qardaşı Rauf məşğul olur. Kiçik qardaşı ailəsi ilə birlikdə Bakıda yaşayır. Qardaşı Azərbaycanda nəqliyyat, “Toyota” və “Lexus” avtomobillərinin satışı ilə məşğuldur.

Musavat.com

Seçilən
79
editor.az

1Mənbələr