AZ

"Yay depressiyası: Günəşli havada psixoloji qaranlıq" - mütəxəssis rəyi

Yay fəsli niyə bəzi insanlar üçün dözülməz olur?

İnsanların çoxu üçün yay istirahət, Günəş, açıq hava, yüngül geyim və xoş ovqatla assosiasiya olunur. Amma bəziləri üçün bu fəsil tam əksi ilə - əsəbi gərginlik, yuxusuzluq, enerjisizlik, iztirab və depressiv əhvalla yadda qalır

Moderator.az xəbər verir ki, bu barədə "Scientific American" jurnalında dərc edilən məqalədə deyilir. Məlumatı "cursorinfo.co" nəşri yayıb.

Bu hal psixologiyada az tanınan, lakin real bir pozuntu - yay formasında mövsümi affektiv pozğunluq (MAP) kimi tanınır.

Mövsümi affektiv pozğunluğun yay versiyası nədir?

Adətən mövsümi depressiya deyəndə ağıla qış aylarında yaranan əhval pozğunluğu gəlir, bu, Günəş işığının azlığı ilə bağlı olan, yuxululuq, aclıq hissi və passivliklə müşayiət olunan klassik modeldir.

Lakin 1980-ci illərdə psixiatrlar Tomas Ver və Norman Rozental bunun əksini müşahidə edib: bəzi insanlar üçün məhz yay dövrü əhval-ruhiyyənin kəskin pisləşməsi ilə seçilib. Onlarda iştahsızlıq, arıqlama, yuxusuzluq, narahatlıq və qıcıqlanma kimi əlamətlər meydana çıxıb.

Ver belə pasiyentləri "ətraf reallıqla uyğunsuzluq yaşayanlar" kimi təsvir edib - ətrafdakıların sevinclə qarşıladığı yay onlara ruh düşkünlüyü gətiririb.

Yay depressiyası nə qədər yayılıb?

Bu fenomen barədə elmi məlumatlar çox azdır. Vermont Universitetindən klinik psixoloq Kelli Rohan deyir ki, yay forması barədə araşdırmalar qış MAP ilə müqayisədə qat-qat azdır. Ancaq iqlim dəyişiklikləri və artan temperatur fonunda bu problemə maraq artır.

İstidə psixi vəziyyət necə pozulur?

Qış depressiyası əsasən gün işığının azlığı ilə əlaqələndirilirsə, yayda əsas səbəb orqanizmin həddindən artıq qızmasıdır. Psixoloqlar bir neçə əsas mexanizm göstərir:

- Yuxunun pozulması

Yüksək temperatur dərin və keyfiyyətli yuxuya mane olur, bu isə birbaşa psixoloji vəziyyətə təsir edir.

- Fizioloji gərginlik

Bədənin soyumağa sərf etdiyi əlavə enerji ümumi zəiflik yaradır. Bu xüsusilə yaşlılar, uşaqlar və bəzi dərmanları qəbul edənlər üçün təhlükəlidir.

- Beyində biokimyəvi dəyişikliklər

İstilik, əhvalı tənzimləyən neyromediatorların balansına təsir edə bilər.

- Termorequlyasiyanın pozulması

Tədqiqatlar göstərir ki, depressiv insanlarda bədən istiliyi gecələr normadan yüksək olur, bu da əhvalı daha da pisləşdirir. İndikilərdən daha maraqlısı yayda psixiatrik yardıma müraciətlərin, aqressiv davranışların, zorakılığın və intihar hallarının artması faktıdır.

Necə mübarizə aparmalı?

Yay depressiyasının müalicəsi hələ də tədqiqat mərhələsindədir, amma bəzi effektiv tövsiyələr var:

1. Soyumağa çalışın

Kondisioner, sərin duş, hovuz - bədənin qızmasını azaltmaq üçün sadə və faydalı üsullardır. Kondisioner əlçatan deyilsə, gecələr ventilyator və ya nəmləndirici soyuduculardan istifadə etmək olar.

2. "İsti terapiya" üsulu

Əks-intuitiv səslənsə də, bəzi hallarda sauna və ya isti vanna qısa müddətli təsiri ilə bədənin istilik tənzimlənməsini "yenidən işə sala" bilər. Psixoloq Eşli Meyson bu metodun bəzən yaxşı nəticələr verdiyini bildirir.

    3. Özünü müşahidə və planlama

Yay aylarında öz əhvalınıza diqqət yetirmək çox vacibdir. Özünüzə sual verin: nə vaxt və hansı şəraitdə özünüzü pis hiss edirsiniz? Əgər bunu müəyyənləşdirə bilsəniz, uyğun rejim və tədbirlərlə buna əvvəlcədən hazırlaşa bilərsiniz - gün rejimi, qidalanma, sosial mühit kimi amilləri tənzimləmək mümkündür. Norman Rozentalın sadə tövsiyəsi belədir: "Nə sizi yüngülləşdirirsə, onu daha çox edin. Nə sizi pisləşdirirsə, ondan uzaq durun".

Yay depressiyası uydurma deyil, real psixoloji pozuntudur və qış depressiyası qədər diqqətəlayiqdir. Havanın isti olması təkcə fiziki deyil, həm də emosional yük yaradır. Qlobal iqlim dəyişiklikləri dövründə bu cür hallar artdıqca, hər kəsin bu məsələyə daha həssas yanaşması vacibdir. Özünü tanımaq və uyğunlaşma bacarığı, sağlam psixoloji durumun açarı ola bilər.

Seçilən
22
moderator.az

1Mənbələr