AZ

İrəvan yox dedi, dəhliz planı suya düşdü : Paşinyanın ümidi Putinədir İran təhdidi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Arman Eqoyanın sözləri ictimaiyyətdə maraqla qarşılanıb. Eqoyan Ermənistanın ABŞ-ın Sünikdə (Zəngəzur dəhlizinin bir hissəsi – red.) 42 km-lik yolu icarəyə götürmək təklifini qəbul etmədiyini bildirib. O, İrəvan hökumətinin regionda kommunikasiyaların bloklanması məsələsinə sadəcə suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsiplərinə əməl olunması çərçivəsində baxmağa razıdır.

Ermənistanda böyük maraqla gözlənilən parlament seçkilərinə bir ildən az vaxt qalıb. Paralel olaraq ölkə ictimaiyyətində baş nazir Nikol Paşinyan və komandasının nüfuzu getdikcə daha da zəifləyir. Bu fonda Paşinyanın Rusiyaya səfəri və baş nazir Mixail Mişustinlə görüşü diqqət çəkir. Analitiklərin fikrincə, Nikol Paşinyan əslində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və seçki öncəsi ölkədə gərginliyin azalması üçün müzakirə aparmaq istəyib. Lakin bu, baş tutmayıb.

Beləliklə, İrəvan Rusiya oxuna qayıdır? ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifinə buna görə razılıq verilməyib?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, erməni deputat Arman Eqoyanın bəyanatı regionda baş verən böyük güclər arasında strateji qarşıdurmanın bariz nümunəsidir:

“Bu, təkcə texniki məsələ deyil. Burada suverenlik, geosiyasi tərəfkeşlik, regional liderlik uğrunda mübarizə və seçkiqabağı daxili siyasi manevrlər üst-üstə düşür.

ABŞ-ın Sünikdəki yolu icarəyə götürmək istəyi rəsmi məqsəd kimi “dəhlizin təhlükəsizliyini təmin etmək” və “regional sabitliyi möhkəmləndirmək” adı altında təqdim olunsa da, əslində Vaşinqtonun Cənubi Qafqazda artan nüfuzunu rəsmiləşdirmək və xüsusilə İranla Rusiya sərhədlərinə yaxın mövqelər əldə etmək niyyəti ilə bağlıdır.

Ermənistanın bu təklifi rədd etməsi isə görünüşdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslansa da, əslində Paşinyan hökumətinin Rusiya ilə münasibətlərdə yeni format axtarışları və daxili siyasi təhlükəsizlik ehtiyacı ilə əlaqələndirilə bilər. Qeyd edim ki, ABŞ bu cür infrastruktur təsir zonalarını icarəyə götürməklə uzunmüddətli hərbi və siyasi varlıq qurmaq təcrübəsinə malikdir. Xüsusilə Avropa və Asiya nümunələri burada diqqət çəkir”.

Politoloqun sözlərinə görə, Ermənistanın siyasi səhnəsi Paşinyanın daxili legitimliyinin sarsılması və ölkədə ruspərəst qüvvələrin getdikcə aktivləşməsi fonunda formalaşır:

“Paşinyanın bu həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyi təkcə diplomatik təşəbbüs deyil, eyni zamanda daxili siyasi sabitliyini qorumaq cəhdidir. Baş nazirin II Qarabağ müharibəsindən sonra Rusiyanın təsirindən uzaqlaşaraq Qərbə meyil etməsi məlum idi. Lakin son aylar Avropa İttifaqı müşahidəçilərinin Sünikdən çıxarılması, KTMT-dən formal şəkildə uzaq durma meyllərinin zəifləməsi, eyni zamanda Rusiya mediasının Ermənistan əleyhinə ritorikasının yumşalması İrəvanın yenidən Moskvanın orbitinə daxil olduğuna işarə edir.

Elman Telmanoğlu

Ermənistanın ABŞ-la bu razılaşmanı rədd etməsinin tək səbəbi Rusiya faktoru deyil. Digər mühüm amil İranın məsələyə reaksiyasıdır. Tehran açıq şəkildə bəyan edib ki, Sünikdə Qərb (xüsusilə ABŞ və Britaniya) hərbi-siyasi mövcudluğu “qırmızı xəttdir” v bunu strateji təhdid kimi qiymətləndirir. İranın Ermənistan iqtisadiyyatı və enerjisi üçün əhəmiyyətli tərəfdaş olduğunu nəzərə alsaq, Paşinyanın ABŞ-a “yox” deməsi həm də Tehranla münasibətlərin pozulmasından çəkinməsi ilə izah oluna bilər. Digər tərəfdən, ABŞ-ın təklifinin detallarında Ermənistana real təminatlar verilməməsi, yalnız texniki dəhliz deyil, həm də siyasi-hərbi mövcudluq yaratmaq istəyi Paşinyanın ölkəsində daha da tənqid olunması riskini artırırdı. Bu isə seçkilər ərəfəsində ciddi itki demək olar”.

E.Telmanoğlu qeyd edir ki, yaxın günlərdə Ermənistan parlamenti və ya bələdiyyə səviyyəsində seçkilər gözlənilir:

“Paşinyan bu seçkilərə zəif iqtisadi fonda və cəmiyyətin böyük hissəsinin narazılığı ilə gedir. Belə situasiyada ABŞ-la genişmiqyaslı strateji razılaşma imzalamaq onu daha çox “xarici maraqlara xidmət edən” obraza salacaqdı ki, bu da ruspərəst müxalifət üçün “hazır material”dır.

Nəticədə ümumi siyasi mənzərədə Ermənistanın bu addımının qəti şəkildə Moskvanın göstərişi ilə atıldığını demək sadəlövhlük olardı. Lakin prosesin arxasında Rusiyanın təzyiqləri, İranın sərt reaksiyası, daxildə seçkiqabağı vəziyyət və ABŞ-la uzunmüddətli hərbi-siyasi müqavilə imzalamağın riskləri dayanır. Bu, həm də Ermənistanın Qərbə bir qədər “pauza” verdiyini, lakin tamamilə Rusiyaya qayıtmadığını göstərir. Paşinyan çalışır ki, balans siyasətinə bənzər, lakin faktiki olaraq manevr imkanlarını artıran “çoxvektorlu və situativ” diplomatiya yürüdərək, həm daxili, həm də xarici təzyiqləri neytrallaşdırsın.

Ermənistan nə qədər suveren seçim edir, nə qədər məcbur yön alır? Bu suala yalnız bölgədəki növbəti addımlar, Paşinyan–Putin görüşünün nəticələri, Qərbin reaksiyası və daxili ictimai rəyin dəyişməsi cavab verə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr