AZ

Xankəndini ermənilərə kim satmışdı? - “Kaş əzəldən gəlməydim, ey fələk, dünyayə mən!”

Adam var ki, qızıl teşdə doğulur, amma ömür boyu o teştə qan qusur. Yəni quyruqlu ulduz altında dünyaya gəlməklə deyil. Nə olsun ki, beşiyin sarayda tərpədilib, yəni qazmada, yaxud tərəkəmə alaçığında yox. Yan-yörəndə nökər-qaravaş, süfrəndə yüz cür naz-nemət, daha nələr, saymaqla bitməz, amma bəxtin qaradır; özünü oda-közə vur, minə döz, nə edəsən, Allah bəxtəvərlik yazmayıb ki yazmayıb!

Cavanşirlər nəslindən olan xanımların da bəxtinə it tüpürüb. Bircə Ağabəyim Ağa deyil ki! Kövhər Ağa, Xurşidbanu Natəvan... 

Xan nəslinin sonuncu xələfi - şairə haqqında bu günlərdə bir kitab oxudum. Köhnə nəşr, kirillə, amma çox oxunaqlı, ustalıqla qələmə alınmış; müəllifə gəlincə, şuşalı, yazdıqlarını küncdən-bucaqdan eşitməyib, üstəlik mövzunun kökünə varıb.  Sezar pizza

O kitabın bir səhifəsi var ki, naşı, dayaz adam dərhal, qaçaraq qənaət çıxaracaq. Həm də ittihama çevriləcək qənaət.

“1895-ci ildə Yelzavetpol (Gəncə) dairə məhkəməsinin pristavı “Bakinskiye qubernskiye vedomosti” qəzetində elan edirdi ki, “dekabrın 28-i, səhər saat 10-da həmin məhkəmədə Şuşa sakini, general-mayor Mehdiqulu xanın qızı Xurşidbanunun Yelzavetpol əyalətinin Ağdam kəndində birmərtəbəli daş evdən, həyətdən və bağdan ibarət olan mülkü podporuçik Qəhrəman bəy Mirzəyevə verəcəyi 7901 manat borcun əvəzinə açıq satışa qoyulur”. 

Daha sonra: “Yelzavetpol məhkəməsinin pristavı Ter-Azaryev elan edir ki, 1896-cı il mayın 16-da, saat 10-da həmin məhkəmədə Şuşa sakini Mehdiqulu xanın qızı Xurşidbanu bəyimin Şuşa mahalındakı Xankəndi deyilən sabit mülkü dövlət qulluqçusu İvan Şahnəzərova olan borcu əvəzinə açıq satışa qoyulur”.

“Nöqtə”ni elə burdaca qoymaq olardı. Amma ardı var:

“Məsələ bununla bitmirdi. “Kavkaz” qəzetinin 1896-cı il tarixli 186-cı nömrəsində qara haşiyəyə alımış məhkəmə elanında Xurşidbanunun şuşalı İsgəndər bəy Qəribova verəcəyi 1899 manat borcu ödəmək üçün Soltanbud malikanəsinin satışa qoyulduğu, 188-ci nömrədə 5000 manatlıq borcu əvəzinə qadın zinətlərinin satıldığı xəbər verilirdi. 

Xurşidbanunun borcları o qədər çox olmuşdu ki, hətta ölümündən 11 sonra onun “Büstah yeri”, “Baham yeri” adlanan yerləri borc əvəzinə satılmışdı”.

Kəmhövsələ adamın ağlına gələcək ilk sual bu qədər borcun necə yığılmasıdır? Fikirləşəcək ki: "Həm də malını-mülkünü təkcə bığıburma bəyləriməzə yox, kimə-kimə, hansısa erməni “dığa”ya da satıb!.." 

Bu azmış kimi: “Xan qızıdır da, işi yox, gücü yox, yeyib-içib, kefin çəkib!..” 

İşin məğzini bilmədən, məsələdən hali olmadan kiminsə qarasınca danışmaq əsla kişilikdən deyil. Onda Natəvanın bəzi zəmanədaşlarından, o cümlədən Qasım bəy Zakirin nəvəsi Abdullah bəy Asidən nə fərqimiz?!

O da Xurşidbanu Natəvan barədə olmazın ittihamların sıralandığı həcv yazmış, amma onu imzalamağa qeyrəti çatmamışdı. Hətta həcvi ünvanına göndərmək üçün adam tutmayıb, göyərçinin ayağına bağlayaraq şairəyə göndərmişdi. Amma sonda özü rüsvayi-cahan oldu. 

İşin əsli budur ki, xan evinin malına-mülkünə görə Xurşidbanuya elçi düşən çox idi. Elə öz həmtayfasından başlamış. Məsələn, əmisinin ölümündən 3 ay keçməmiş elçi göndərib Mehdiqulu xanın arvadı Bədircahan bəyimi özünə, Natəvanı oğlu Hidayət ağaya istəyən Cəfərqulu xan. Rədd cavabı alandan bir neçə ay sonra o, 65 yaşında olmasına baxmayaraq, 13 yaşlı Xurşidbanu ilə evlənmək arzuna düşmüşdü. 

Bircə Cəfərqulu xan idi ki?! Xanzadələr, bəyzadələr elçi dalınca elçi göndərirdi. Tiflisdə iqamət edən çar canişinlərinin isə buna dair öz niyyətləri vardı: Kürəkçay müqaviləsi Qarabağ xanlarının statusuna və mülklərinə toxunulmazlıq zəmanəti versə də, elə ilk fürsətdə Cavanşirləri hər cür hüquq və imtiyazdan məhrum etmək.  

“Elçi daşı”nda 1844-cü ildə Qafqaz canişini vəzifəsinə təyin edilən general Mixail Vorontsov da eyni məqsədlə “oturmuşdu”. O, Xurşidbanunu hökmən çarlığın inanılmış və etibarlı adamlarındn birinə nişanlamağı nəzərdə tuturdu. Bunun üçün canişin iqtisadi təzyiqi ən yaxşı üsul sayırdı. Vorontsov xanlığa məxsus yerlərin bir çoxunu dövlətin xeyrinə həyasızcasına müsadirə etdi, Xankəndidə də Minqreliya qrenadyor alayını yerləşdirdi.

Mülk davası Cavanşir ailəsinin başını elə qatmışdı ki, 1848-ci ildən anası Bədircahan bəyimlə birgə Xurşidbanunun bir ayağı daim Tiflisdə idi. Bir müddət canişinlik paytaxtında kargüzarxanalara ayaq döydükdən sonra hər şey xan nəslinin sərəncamında qalır və hətta Bədircahan bəyimə illik 1000 çervon təqaüd təyin edilir. Amma sonra ailə varis xanımın canişinliyin məsləhət bildiyi Xasay xan Usmiyevlə evliliyinə razılıq verməli olur. 

Bu könülsüz nikahın təfərrrütını kənara qoyuram. O ayrı bir dərd, ayrı bir söhbətdir. Bir-birinə tam yad iki nəfərin izdivacı, uzunmüddətli küsülülük, barışıq, sonra yenə əzablı, keşməkeşli günlər nəhayətdə Voronej mehmanxanasında Usmiyevin intiharı ilə bitir. Buna qədər dağıstanlı əsilzadə o yerdən-bu yerə köç edib, gəzib-dolaşıb günlərin bir günü, daha doğrusu, 1854-cü ildə Şuşada məskən salır, intəhası xanədanın sərvətinə sərvət qatmaq yerinə, israfçı həyat tərzi keçirir, şuşalıların gözündən düşür.

Qasım bəy Zakir hətta ona həcv yazmışdı: “Əgər yoxdur səndə bu illət, Yüz lənət mənə gəlsin!” – deyə xanın eyiblərini sadalayıb sonda bu misra ilə mövzuya nöqtə qoymuşdu. 

Evin yükü yenə təxəllüsü “Natəvan” – “taqətsiz”, “bacarıqsız” mənası verən Xurşidbanu bəyimin çiynində qaldı. Mehdiqulu xan çoxdan vəfat etmişdi, 1861-ci ildə Bədircahan bəyim də başını qoyduqdan sonra xan qızı 14 kənd, bir neçə yaylaq yeri və dəyirmanı təkbaşına idarə etməli oldu.

“Çox vaxt Xasay xanın yarıtmaz hala saldığı təsərrüfatı kəsirdən qurtarmaq əziyyəti də onun öhdəsinə düşürdü. Rus zabiti A. Rudanovski Xasay xanın təsərrüfat işlərində bacarıqsızlığı haqqıında yazırdı: “Xasay xan 10 il müddətində Xurşidbanuya atasından irs qalmış at ilxılarının cinsini korlayıb pisləşdirmişdi”.

1887-cü ildə ailənin gənc varisi Mehdiqylu xan Vəfa xan mülkünü irsən qəbul etdi. Amma ailə daxilində mülk davası bitmədi. Xan evindən oğurlanmış qızıl pul və zinət əşyaları ilə dolu sandıq da bu ixtilafın badına getdi.

Ayağı çarıqlı, dizi yamaqlı qara camaatın da son pənah yeri Natəvan idi. O, malikanəsində xüsusi otaq ayırmışdı. Ayağı yorğanından uzun kim vardısa, yəni kasıb-kusub ehtiyac ucbatından xan qızının qapısını döyürdü. Özü qənaətlə, qəpiyin üstünə qəpik qoymaqla yaşaya-yaşaya 100 min rubl xərcə Şuşaya su xətti çəkdirmişdi, daha sonralar Araz çayından Ağcabədiyə arx... amma bu niyyət yarımçıq qaldı. Pul yox, para yox, sonda nökər-qaravaş da malikanəni bir-bir tərk etdi. Bir ev qaldı, bir həsir, bir də xəstəhal, naxoş şair!..

“Kaş əzəldən gəlməydim, ey fələk, dünyayə mən!

Gəldiyim gündən əsirəm bir quru sevdayə mən”.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr