Ekspert: Bu artım tendensiyası yay və payız aylarında da davam edəcək
2025-ci ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat təşkil edib.
Bununla bağlı turizm üzrə mütəxəssis Elgün Məmmədli Demokrat.az-a açıqlama verib.
O deyib ki, artım əsasən daxili turizmin inkişafı, hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi və regionlarda turizm infrastrukturuna yatırılan investisiyalarla əlaqələndirilir:
“Həmçinin, Bakıda və digər iri şəhərlərdə keçirilən beynəlxalq tədbirlər, konfranslar və idman yarışları da gəlirlərin artmasında mühüm rol oynayıb. Bu artım tendensiyası ilin ikinci yarısında xüsusilə yay və payız aylarında da davam edəcək. Gələcəkdə sektorun daha da gücləndirilməsi üçün rəqəmsallaşma, personal hazırlığı və regional turizm marşrutlarının genişləndirilməsi vacib hesab olunur”.
Leyla Turan
Demokrat.az